İran XİN rəhbəri Abbas Arakçi: Münasibətlərimiz dərin köklərə malikdir...
Poliqon xəbər verir ki, İran İslam Respublikasının prezidenti doktor Məsud Pezeşkiyanın Ermənistana rəsmi səfəri ərəfəsində İranın xarici işlər naziri Abbas Arakçi xalqlarımızı birləşdirən ortaq tarixi və gələcək əməkdaşlıq perspektivlərini dəyərləndirən məqalə ilə çıxış edib. Arakçi böyük erməni yazıçısı və şairi Ovanes Tumanyanın sözlərini xatırladaraq bildirib ki, dostluq dərin köklərə malik ağaca bənzəyir: nə qədər çox suvarsan, bir o qədər məhsuldar və möhkəm olar.
Nazirin sözlərinə görə, bu bənzətmə İran və Ermənistan xalqlarını birləşdirən sarsılmaz bağları tam şəkildə ifadə edir. Əsrlər boyu davam edən mədəni mübadilələr, qarşılıqlı hörmət və ortaq təcrübə iki xalqı yaxınlaşdırıb. Məhrecan, Navasard və Vardavar kimi ortaq bayramlar, eləcə də İranda nəsildən-nəslə inkişaf edən erməni icması bu tarixi yaxınlığın bariz nümunələridir.
"İran 1991-ci ildə Ermənistan müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Bu addım qonşularla həmrəylik nümayişi kimi tarixə düşüb. Bu gün də İran və Ermənistan arasındakı həmrəylik erməni icmasının İranda cəmiyyət həyatında fəal iştirakı ilə özünü göstərir. İranda yaşayan ermənilər ölkənin ən böyük dini azlığıdır, parlamentdə təmsil olunmaqla yanaşı, kilsələr və mədəniyyət ocaqları vasitəsilə öz irslərini qoruyurlar. Bu isə İranın dini müxtəlifliyə hörmətinin göstəricisidir", deyə nazir yazır..
Məqalədə vurğulanır ki, iqtisadi əməkdaşlıq da iki ölkənin etibarlı tərəfdaş olduğunu sübut edir. İranın birtərəfli sanksiyalara baxmayaraq Ermənistanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalması, qarşılıqlı etimadın nümunəsidir. İki ölkə iqtisadiyyatlarının bir-birini tamamlaması isə inkişaf üçün yeni imkanlar yaradır.
Geosiyasi baxımdan isə İran və Ermənistanın strateji tərəfdaşlığı xüsusi əhəmiyyət daşıyır. Qlobal qeyri-müəyyənlik və regional dəyişikliklər fonunda iki ölkənin maraqları getdikcə daha çox üst-üstə düşür. Arakçi qeyd edir ki, İran Ermənistanı yalnız qonşu deyil, həm də təbii müttəfiq hesab edir. Ortaq sərhəd enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq üçün mühüm körpü rolunu oynayır.
İranın mövqeyinə görə, Cənubi Qafqazda sülh və sabitlik təmin olunmalı, regionda istənilən layihə yalnız bütün ölkələrin ərazi bütövlüyünə, suverenliyinə, qanuni hüquqlarına və qarşılıqlı maraqlarına hörmət əsasında həyata keçirilməlidir. İran üçüncü dövlətlərin və xarici qüvvələrin müdaxiləsini qəbuledilməz hesab edir.
"Bununla yanaşı, hələ istifadə olunmamış böyük potensial mövcuddur. Hazırkı ticarət dövriyyəsi mövcud imkanların kiçik bir hissəsini əks etdirir. Xüsusilə “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) layihəsi bu istiqamətdə geniş perspektivlər açır. İranın cənub limanlarını Mərkəzi Asiya, Qafqaz, Əfqanıstan və Şərqi Avropa ilə birləşdirən bu dəhliz yükdaşıma xərclərini 30 faiz azaldır, vaxtı isə iki dəfə qısaldır. Layihə üzvü olan 13 ölkə dəhlizin səmərəli icrası üçün daimi məsləhətləşmələr aparır. Çabahar limanının inkişafı və sürətləndirilmiş dəmir yolu tikintisi artıq mühüm nəticələrdəndir", deyə Arakçi vurğulayır.
İran XİN rəhbəri qeyd edir ki, bu addımlar regionun təhlükəsizliyinin güclənməsinə və iqtisadi rifahın artmasına xidmət edir. İran Ermənistanla ortaq tarixdən gələn dostluq münasibətlərini gələcəkdə də davam etdirmək əzmindədir.
Poliqon.info