EN

Alisson Bekker - “Liverpul”da 300 oyuna çıxmış 3-cü braziliyalı

Futbol üzrə Braziliya millisinin qapıçısı Alisson Bekker İngiltərənin “Liverpul” klubunda 300 oyuna çıxmış üçüncü braziliyalı futbolçu olub.

Arena.az xəbər verir ki, 32 yaşlı qapıçı buna İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 1-ci turunda “Bornmut”la (4:2) matçda iştirak etməklə nail olub.

Alisson Premyer Liqada 230, UEFA Çempionlar Liqasında 52, İngiltərə Kubokunda 9, İngiltərə Super Kubokunda 3, Liqa Kuboku, Avropa Liqası və klublararası dünya çempionatında 2 matçda meydana çıxıb.

Alisson bu göstəricidə həmyerliləri Roberto Firmino (362) və Lukas Leyvadan (346) geri qalır.

Alisson Bekker “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyul ayında 62,5 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Alisson “Liverpul” üçün 2 oyun keçirib, 4 qol buraxıb.

Alissonun “Liverpul”un heyətində ümumi çıxışı 300 oyun, 273 buraxılmış qol, 127 “quru” oyundan ibarətdir.

Alisson Avropada klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020, 2024/2025), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), UEFA Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020). “İnternasyonal”la isə Alisson Qauşu Çempionatının (Braziliyanın Riu-Qrandi-du-Sul ştatının çempionatı) dördqat (2012/2013, 2013/2014, 2014/2015, 2015/2016) qalibi olub.

Alisson Bekker 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 72 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 33 qol buraxıb, 44 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Chosen
26
12
arena.az

10Sources