EN

Təhsil haqlarının artırılması narahatlıq doğurur – Ekspertlər nə deyir?

  Son günlər Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqlarının artırılması ilə bağlı narahatlıqlar gündəmdə qalmağa davam edir. Xüsusilə kasıb və orta təbəqədən olan ailələrin övladlarının bu dəyişikliklərdən mənfi təsirləndiyi vurğulanır.

Tanınmış ictimai-siyasi fəal, təhsil eksperti Etibar Əliyev sosial media hesabında bu mövzuya münasibət bildirib. O yazır ki, Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 2000 manat artırılaraq 6500 manata çatdırılıb. Ekspertin fikrincə, bu məbləğ universitetdə təqdim olunan təhsilin real keyfiyyəti ilə uzlaşmır.

Etibar Əliyev hesab edir ki, belə yüksək ödənişlər kasıb və istedadlı gənclərin təhsil hüququndan məhrum edilməsi və banklara borclandırılması riski yaradır. O təklif edir ki, müəllimlərin əməkhaqqı universitetin klinikalarından toplanan gəlirlərlə ödənilsin. Bu yolla tələbələrin maliyyə yükü azaldıla bilər.

Ekspert əlavə olaraq Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsində də illik təhsil haqqının 4500 manat olduğunu xatırladaraq, məsələ ilə bağlı dövlət qurumlarını diqqətli və məsuliyyətli olmağa çağırıb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva da təhsil haqlarının artması ilə bağlı narahatlıqların əsaslı olduğunu bildirib.


“Ali məktəblərdə ödənişlərin bu qədər yüksəlməsi kasıb və orta təbəqədən olan gənclər üçün böyük problem yaradır. Tibb Universitetində “Tibb” ixtisasının illik təhsil haqqı 6500 manata qaldırıldığı elan olunu. Bu, ölkədəki real maaş və gəlir səviyyəsi fonunda çox böyük rəqəmdir. Təhsil keyfiyyəti ilə də tam uzlaşdığını demək çətindir. Nəticədə istedadlı, amma imkanı olmayan gənclər təhsildən kənarda qala, hətta ailələr övladlarını oxutmaq üçün borc bataqlığına düşə bilər,” – deyə ekspert qeyd edib.

Müsahibimiz vurğulayıb ki, bu məsələ ciddi şəkildə müzakirə olunmalı və dövlət sosial ədalət prinsipini qoruyacaq addımlar atmalıdır:

“Təhsil haqqı müəyyən edilərkən insanların gəlir səviyyəsi, təhsilin real keyfiyyəti və hamı üçün bərabər imkan prinsipi nəzərə alınmalıdır. Təklifim odur ki, universitetlərin əlavə gəlirləri – məsələn, klinikalar, laboratoriyalar və digər xidmətlərdən gələn vəsait müəllimlərin maaşına və təhsilin inkişafına yönəldilsin. Bu, həm keyfiyyəti artırar, həm də gənclərin təhsildən uzaq düşməsinin qarşısını alar”.

Qeyd edək ki, qarşı tərəfə məsələ ilə bağlı sorğu ünvanladıq, lakin cavab almaq mümkün olmadı.  

Chosen
89
27
referans.az

10Sources