EN

Alyaska Sammiti: Putin Trampa verdiyi sözləri tutmalıdır, əks halda ciddi problemlərlə üzləşə bilər - TƏHLİL

2025-ci il avqustun 15-də ABŞ və Rusiya liderlərinin Alyaskada baş tutan sammiti dünya gündəmini zəbt edib. Uzun illər davam edən qarşılıqlı ittihamlar, sanksiyalar və regional münaqişələr fonunda iki ölkənin liderlərinin bir masa arxasında əyləşməsini dialoqa doğru atılmış vacib addım kimi qiymətləndirmək olar.

Alyaska Sammiti gözlənilən kimi keçdi

ABŞ və Rusiya arasında strateji ziddiyyətlərin hələ də kifayət qədər dərin olması, Ukrayna müharibəsi, enerji təhlükəsizliyi, NATO-nun genişlənməsi və qarşılıqlı sanksiyaların münasibətləri gərgin saxlaması faktını nəzərə alaraq, ilk görüş zamanı yekun və mühüm qərarın qəbul ediləcəyini gözləmək sadəlövhlük olardı. Kremlin sözçüsü Dmitri Peskov da görüşdən əvvəl “sammitdə hər hansı sənədin imzalanması nəzərdə tutulmur, əsas məqsəd dialoqun başlanğıcıdır” söyləmişdi. Bu açıqlama tərəflərin mövqelərini açıq şəkildə ifadə etməsi, bir-birini dinləməsi və gələcək dialoqun istiqamətlərini müəyyənləşdirməsi baxımından sammitin real mahiyyətini ortaya qoyurdu.

Alyaska görüşünü “yol xəritəsinin başlanğıcı” kimi də səciyyələndirmək olar. Bu, tərəflərin bir-birinə qarşı açıq dialoqa hazır olduğunu, ən azı etimadın müəyyən hissəsinin bərpa edilməsini göstərirdi. ABŞ tərəfi sammiti Ukraynada sülh prosesinə təsir edə biləcək diplomatik mərhələnin başlanğıcı kimi dəyərləndirir. Rusiya isə həm iqtisadi sanksiyaların yumşaldılması, həm də beynəlxalq təcridin zəiflədilməsi üçün yeni imkanlar axtarır.

Dörd ildən sonra Tramp və Putin arasında keçirilən bu görüş, simvolik baxımdan da xüsusi əhəmiyyət daşıyırdı. Sonuncu belə görüş 2018-ci ildə Helsinkidə baş tutmuşdu. Ona görə də Alyaska Sammiti təkcə mövqe açıqlamaları ilə deyil, həm də yüksək səviyyəli təmasların bərpası ilə yadda qaldı. İki nüvə gücünün liderlərinin dialoqdan imtina etməməsi, əksinə, münasibətləri yenidən qurmağa hazır olduqlarını nümayiş etdirməsi beynəlxalq ictimaiyyət üçün ümidverici mesaj idi.

Tramp Putinin bəhanələrini bir-bir əlindən alır

Trump

Sammitdən əvvəl ABŞ Prezidenti Donald Trampın “əgər görüş istədiyim nəticəni verməsə, onu vaxtından əvvəl tərk edəcəyəm” bəyanatı beynəlxalq ictimaiyyətin diqqətini çəkmişdi. Bu onun sərt üslubunu və nəticə yönümlü siyasətini bir daha nümayiş etdirirdi. Lakin Tramp görüşü sonadək davam etdirdi, mətbuat konfransında da iştirak etdi. Bu fakt Vaşinqtonun Moskvadan müəyyən müsbət siqnallar aldığını göstərir, eyni zamanda tərəflər arasında ən azı ilkin anlaşma zəmininin formalaşdığını təsdiqləyir.

Sammitdən sonra Trampın verdiyi bəyanat da diqqətəlayiq idi: “Mənim əsas məqsədim Ukraynada sülhə nail olmaqdır. Biz Putinlə əksər məsələlərdə razılaşdıq, yalnız bir neçə məsələ müzakirə olunmaqda davam edir”. Bu açıqlama görüşün sırf formal protokol xarakteri daşımadığını, əksinə, real və konkret nəticələrin əldə olunduğunu ortaya qoyur.

Bununla yanaşı, Trampın “əsas məqsədim Ukraynada sülhə nail olmaqdır” sözləri həm ABŞ-ın strateji kursunu açıq şəkildə ifadə edir, həm də sammitin prioritet istiqamətini müəyyənləşdirir. Bu, yalnız ikitərəfli münasibətlərin tənzimlənməsi ilə məhdudlaşmır, bütövlükdə Avropada təhlükəsizlik arxitekturasının gələcəyinə dair mesaj xarakteri daşıyır.

Trampın sonadək masada qalması onun Moskvanın kompromisə hazır olduğunu hiss etməsi ilə izah edilə bilər. Əgər danışıqlar tamamilə nəticəsiz olsaydı, ABŞ Prezidentinin prosesi yarımçıq tərk edəcəyi şübhəsiz idi. Bu məqam göstərir ki, Alyaska Sammiti hər iki tərəf üçün həm psixoloji, həm də siyasi baxımdan önəmli mərhələ oldu.

Trampın mövqeyi, verdiyi bəyanatlar və diplomatik jestləri göstərdi ki, Alyaska görüşünə, sadəcə, simvolik hadisə kimi yanaşmaq düzgün olmaz, sammit müəyyən anlaşmalar və gələcək danışıqlar üçün zəmin yaradan platforma rolunu oynadı.

Trampın bu addımı onun Ukrayna məsələsini həll etməkdə nə qədər prinsipial olduğunu göstərir. Diqqətdən qaçmamalıdır ki, Sammitin təşəbbüskarı məhz ABŞ lideridir. Tramp Putinə bu təklifi etməklə onun münaqişənin həllindən yayınması üçün son imkanlarını da siyasi ustalıqla əlindən alır. Rusiyanın uzun müddətdir, Ukraynada müharibəni dayandırmaqda həvəsli olmadığı, müxtəlif bəhanələrlə dialoqdan yayındığı aydındır. Lakin Trampın israrı qarşısında Putinin bu sammitə qatılmaqdan başqa yolu qalmırdı. Əks halda, əsl niyyətini ortaya qoymuş olacaqdı. Bundan başqa, Putinin sammitə qatılmaqda özünün də müəyyən niyyətlərinin olduğunu söyləmək olar. Rusiyanın bu niyyətləri sırasına sanksiyaları səngitmək, təzyiqləri azaltmaq və s. daxildir.

Putinin ritorikasını niyə yumşaldı?

Who's

Sammitdə diqqət çəkən məqamlardan biri də Vladimir Putinin daha yumşaq ritorika nümayiş etdirməsi idi. Onun “Biz Ukrayna xalqını qardaş xalq hesab edirik və münaqişənin tezliklə bitməsini istəyirik” sözlərini əksəriyyət, təbii olaraq, səmimi qəbul etmədi. Bunlar daha çox özünü Trampa şirin göstərməyə oxşayırdı. Putin bu sözləri ilə guya danışıqlara meylli olduğunu nümayiş etdirir, bununla da müəyyən xal qazanmağa çalışırdı.

Onun Trampı Moskvaya dəvət etməsi və “qarşılıqlı hörmət və bərabərlik əsasında yeni mərhələnin başlaya biləcəyini” vurğulamasının altında isə çox məna axtarmaq olar.

Bu, Moskvanın Vaşinqtonla münasibətləri tam qoparmaq istəyində olmadığını, ondan çəkindiyini göstərən mühüm siyasi mesaj, həm də təzyiq və sanksiyalardan möhlət əldə etmək niyyəti kimi qiymətləndirilməlidir. Tramp Putin haqqında hər nə qədər müsbət fikirlər səsləndirsə də, proseslərin davamı ciddi nəticələrə gətirib çıxara bilər. Rusiyanın nümayiş etdirəcəyi mövqedən çıx şey asılıdır. Putin sammitdə səsləndirdiyi fikirlərində nə dərəcədə səmimi və ardıcıl olduğunu əməldə də göstərməlidir. O, Trampa verdiyi sözləri, sammitdə və sammitdən sonra keçirilən mətbuat konfransında səsləndirdiyi bəyanatları tutmaq məcburiyyətindədir.

Dünya Moskvanın bu cür oyunlarının çox şahidi olub. Lakin Tramp təcrübəli, prinsipial və güclü liderdir. Kremlin bəyanatlarından geri çəkilməsi, sammitdə səsləndirdiyi fikirlərlə vaxt udmaq niyyəti, Trampla oyun oynaması Rusiya ucun ağır nəticələrlə bitə bilər.

Avropanın reaksiyası və regional kontekst

Sammit Avropa İttifaqında da geniş müzakirələr doğurdu. Avropa ekspertləri hesab edirdilər ki, ABŞ və Rusiya arasında dialoqun bərpası qitənin təhlükəsizlik arxitekturasına bilavasitə təsir göstərə bilər. Çünki Ukrayna böhranı Avropa üçün ən böyük təhlükəsizlik çağırışına çevrilmişdi. Bununla yanaşı, görüşün vaxtı da təsadüfi deyildi. Sammit ABŞ prezidentinin Azərbaycan lideri İlham Əliyevlə Vaşinqtonda keçirilən görüşündən cəmi yeddi gün sonra baş tutdu. Bu fakt ABŞ-ın postsovet məkanında diplomatik fəallığını artırmağa çalışdığını və regional siyasətdə daha təsirli rol oynamaq niyyətini nümayiş etdirirdi.

Alyaska Sammitinin əsl mahiyyəti dialoqa qapı açmaq, qarşılıqlı etimadı bərpa etmək və gələcək razılaşmalar üçün zəmin formalaşdırmaq idi. Və görüşün nəticəsinə əsasən demək olar ki, bu nəticə əldə olundu. Trampın sözləri ilə desək: “Bu yalnız başlanğıcdır. Biz görüşməyə davam etməliyik, çünki sülh bütün dünyanın marağındadır”.

Beləliklə, Alyaska Sammiti Ukrayna müharibəsini dərhal dayandırmasa da, ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Görüş beynəlxalq siyasətdə sülh və sabitlik istiqamətində müsbət irəliləyişə doğru atılmış addım kimi dəyərləndirilir. Bu addım həm tərəflərə, həm də beynəlxalq ictimaiyyətə gələcək danışıqların davam etdiriləcəyi və daha konstruktiv nəticələrin əldə olunacağı barədə ümid verdi. Rusiyanın dialoqda nə dərəcədə maraqlı və səmimi olmasından çox şey asılıdır.

Dünyanın gözü indi artıq Alyaska Sammitinin davamında keçiriləcək yeni görüşlərə yönəlib

Chosen
114
43
apa.az

10Sources