EN

Vaşinqton Bəyannaməsi parlamentlərdə ratifikasiya olunacaq?


Təbriz Musayev: “Bunun parlamentdə ratifikasiyası qarşıdakı proseslərin gedişindən asılı olacaq”

Avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan-ABŞ görüşü və əldə olunan razılaşmalar region üçün tamamilə yeni bir mərhələnin başlanğıcıdır.

Strateji tərəfdaşlıq xartiyası istiqamətində atılan addımlar, sülh sazişinin paraflanması və Zəngəzur dəhlizi (Tramp yolu) üzrə razılıqlar Cənubi Qafqazda uzun illər davam edən gərginliyin aradan qalxması üçün real zəmin yaradır. Məsələ ondadır ki,2020-ci ildən sonra formalaşan geosiyasi reallıq Azərbaycanın əlini gücləndirib. Azərbaycan qalib dövlət kimi təkcə hərbi üstünlüyünü deyil, diplomatik çəkisini də artırıb.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə necə adlanmasından asılı olmayaraq, beynəlxalq müqavilədir, həm də dövlətlərarası müqavilə olduğu üçün onun parlamentdə ratifikasiya olunması məsələsi gündəmə gəlir. Çünki Bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarından və müharibə etməyəcəklərinə dair üzərlərinə öhdəlik götürdüklərindən bu, məzmununa görə ilkin sülh sazişidir.

Bu baxımdan maraqlıdır, Vaşinqton Bəyannaməsinin parlamentlərdə ratifikasiya olunmasına ehtiyac varmı? Bununla bağlı nə gözlənilir?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Vaşinqton Bəyannaməsinin hər iki ölkənin parlamentlərində ratifikasiya olunması məqsədəuyğundur: “Belə olarsa, bunun dayanıqlığı siyasi və hüquqi baxımdan daha da artacaq. Orada əksini tapan tələblər havada qalmayacaq və həyata keçiriləcək. Bu da sülh sazişi üçün formalaşan zəmini daha da möhkəmləndirəcək və onun hüquqi qüvvəsini artıracaq. Ona görə də bunun parlamentdə ratifikasiya olunmasını məqsədəuyğun hesab edirəm. Çünki bu, çox önəmli məsələdir. Məsələn, yaxşı oldu ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyannamə parlamentlərdə ratifikasiya edilmədi. Nə Azərbaycan, nə də Ermənistan buna maraq göstərmədi. Bütün bunlar Qarabağda suverenliyimizin tam bərqərar olunmasına və Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsinə gətirib çıxardı. Ancaq Vaşinqton Bəyannaməsi həm Azərbaycanın, həm Ermənistanın maraqlarına uyğun olduğu üçün hər iki ölkənin parlamentlərində ratifikasiya edilməsi lazımdır. Bunun parlamentdə ratifikasiyası qarşıdakı proseslərin gedişindən asılı olacaq. Yəni Ermənistan buna gedərsə, Azərbaycan bunu edəcək. Ola bilsin ki, tərəflər bunu qarşılıqlı olaraq razılaşdırsın və ondan sonra parlamentdə ratifikasiya etsin. Bu da ola bilər. Çünki birtərəfli ratifikasiya məqbul variant deyil. Bunun üçün hər iki tərəfin analoji addım atmasına ehtiyac var”.

Vidadi ORDAHALLI

Chosen
60
26
baki-xeber.com

10Sources