EN

O nə idi elə, Abasov?

“Neftçi”nin oynadığı şeydi. Adını unudub xatırlamağa çalışdığımız nəsə olur ey, bax ondan.

Yəni bunu yeni heyət, təzə futbolçular, mövsümün əvvəli və s. kimi söhbətlərlə keçişdirmək olmur. Elə ona görə də “Neftçi”nin oyununu belə adlandırıram.

Bu komanda yeni olsa da, dünən ilk dəfə görməyib bir-birini. Bir aydan çox təlim-məşq toplanışı, hazırlıq matçları olub. Meydança görüblər. Amma dünənki oyun nəsə ayrı şey idi.

Dəqiq də nəsə demək olmur. Bir yandan “düzələcək” deyirsən, bir yandan da “düzələnə oxşamır”da qalırsan. Elə “Neftçi”ni də öldürən illərdir davam edən bu qeyri-müəyyənlik deyilmi?

Samir Abasov indi nə düşünür bilmirəm. Oyundan sonra futbolulardan razı qaldığını açıqladı. Ona dəqiq olan bir şey deyirəm: futbolçular durumdan narazıdır. Xal itirdikləri üçün yox, komandanın oyunundan məmnun deyillər. Bu, üstüörtülü mesaj olsun.

Üstüaçıq olan isə komandada plansızlığın, məşqçisizliyin hiss olunduğudu.

Abasov matçdan sonra oyunçu çatışmazlığından, zədələrdən danışdı. Amma dünənki şeyin səbəbi bu deyildi. Daha da açıq danışsaq, “Neftçi”də oyunçu yox, oyun problemi göründü. Var demirəm, göründü dedim. Ayrı-ayrı şeylərdi.

Davamlı olsa, pis olacaq. İlk turlar ümumi sakitçiliklə keçər. Ancaq “Neftçi”də fırtına qəfil qopur. Birinci də baş məşqçi gedir.

Abasov yaxşı düşünsün. Bu heyətlə, bu komanda ən qısa vaxtda oyun göstərməlidir. Premyer Liqada heç kimdə vaxt yoxdur. Gördük ki, hamı birtəhər də olsa, nəsə oynadı.

Elə ilk turdan “Neftçi”nin dərhal toparlanmağa ehtiyacı var.

Həsən Quluzadə 

Chosen
84
50
idmanxeber.az

10Sources