AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutu görkəmli alim, əməkdar elm xadimi, arxeoloq və etnoqraf İshaq Cəfərzadənin anadan olmasının 130 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edib.
Açılış nitqində AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev alimin Azərbaycan arxeologiya elminin inkişafında oynadığı mühüm roldan danışıb. O, İshaq Cəfərzadənin Gəncədə böyüyərək, qədim şəhərin elmi mühitindən ilhamlandığını və ölkənin bir çox bölgəsində arxeoloji tədqiqatlar apardığını qeyd edib.
Dəyirmi masada Diyarşünaslıq İnstitutunun əməkdaşları məruzələrlə çıxış ediblər. Tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova alimin geniş elmi irsindən, Azərbaycanın müxtəlif bölgələrindəki ekspedisiyalarından bəhs edib. Dosent Samirə Qasımova isə 1938–1940-cı illərdə Gəncədə aparılan arxeoloji qazıntıların nəticələrinə toxunaraq, qədim şəhərin maddi mədəniyyətinə işıq salan tapıntılardan danışıb. “Qobustanın sirrini açan alim” mövzusunda çıxış edən tədqiqatçı Yasin Alməmmədov İshaq Cəfərzadənin bu unikal qayaüstü təsvirlərə dair 20 ildən artıq davam edən sistemli araşdırmalarının əhəmiyyətini vurğulayıb. Digər çıxışçılar – Nərmin Alıyeva və Nüşabə Abbasova isə alimin elmi fəaliyyətinin coğrafiyası, ailə həyatı və arxeoloji irsi haqqında maraqlı məlumatlar veriblər.
Tədbirin sonunda iştirakçılar alimin irsi ətrafında fikir mübadiləsi aparıblar.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə