EN

Robbi Kin: “Bizi “Qarabağ”la son dərəcə vacib oyun gözləyir”

“Ferentsvaroş”un baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları “Qarabağ”la oyunlardan danışıb.

Arena.az xəbər verir ki, “Ferentsvaroş” ötən gün Macarıstan çempionatının 4-cü turu çərçivəsində “Puşkaş Akademiya”sı ilə qarşılaşıb.

“Ferentsvaroş”un meydanında baş tutmuş qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Puşkaş Akademiya”sı bu qələbə sayəsində xalını 9-a çatdırmaqla liderliyə yüksəlib, “Ferentsvaroş” isə 7 xalla üçüncü pilləyə düşüb.

Macarıstan mediasının yazdığına görə, baş məşqçi Robbi Kin bu matçda heyətdə köklü dəyişiklik edib. O, bu həftə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ludoqorets”lə (Bolqarıstan) cavab matçında əsas heyətdə meydana buraxdığı 10 oyunçuya istirahət verib və onları ilk 11-liyə salmayıb. Bununla da o, əsas heyət üzvlərini “Qarabağ”la qarşıdakı oyunlar üçün qoruduğunu nümayiş etdirib.

Robbi Kin matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“İstifadə edə bilmədiyimiz imkanlar bizə baha başa gəldi. İlk 15 dəqiqədə 3:0 öndə ola bilərdik, fürsətləri dəyərləndirmədik. Sonra rəqib hesabı açdı, amma oyuna qayıtmağı bacardıq. Hücumda da, müdafiədə də daha yaxşı oynamalıyıq”.

İrland mütəxəssis dünənki qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında komandasının ikinci hissədə niyə zəiflədiyini başa düşmədiyini söyləyib:

“Niyə ikinci hissədə gerilədiyimizi bilmirəm. İlk 45 dəqiqədə yaxşı oynadıq, imkanlar yaratdıq. Oyuna görə məğlubiyyətə layiq deyildik, amma uduzduq”.

Robbi Kin “Qarabağ”la qarşıdan gələn matça da toxunub: “İndi başımızı aşağı salıb yolumuza davam etməliyik. Sabahdan etibarən qarşıdakı oyuna hazır olmalıyıq. Azarkeşlər yenə çox yaxşı idilər, həmişəki kimi. Yeni oyunçulara şans verdik, bir çoxları isə çərşənbə axşamı üçün dincəldi, hamı həmin oyuna hazır olacaq. Çərşənbə axşamı bizi son dərəcə vacib oyun gözləyir”.

Xatırladaq ki, “Ferentsvaroş”la “Qarabağ” arasında ilk oyun avqustun 19-da Budapeştdə keçiriləcək. Bu komandalar arasındakı cavab matçı isə avqustun 27-də Bakıda baş tutacaq.

Chosen
49
7
arena.az

10Sources