EN

İkardi qayıdan kimi qol vurdu, ''Qalatasaray''ın seriyaları davam etdi

Türkiyə çempionatında 2-ci tura cümə günü keçirilən ''Qalatasaray'' - ''Fatih Karagümrük'' matçı ilə start verildi.

"Football-plus.az" xəbər verir ki, Okan Burukun başçılığı altında heç vaxt debütantlara uduzmayan İstanbul nəhəngi bu və digər seriyalarını davam etdirdi. Müdafiədəki səhvlər qonaqlara baha başa gəldi. Artıq 10-cu dəqiqədə rəqibdən topu oğurlayaraq əla sürət nümayiş etdirən Barış Alpər Yılmaz komandasını önə keçirdi. Bu epizodda kobud səhvə yol verən Marius Trezor Do cox keçmədən yenə ''Fatih Karagümrük''ə qənim kəsildi. Bu futbolçu Davinson Sançesə qarşı sərt oyuna görə VAR-ın da müdaxiləsi ilə qarşısında birbaşa qırmızı vərəqə gördü.

Son çempion azlıqda qalan rəqibə uzun müddət qol vura bilməyincə, Okan Buruk əsas silahlarını meydana buraxdı. Osimhen meydana çıxdıqdan sonra çox fəal olsa da, qol vura bilmədi. Onun əvəzinə qonaqların üzvü Fatih Kurucuk topu öz qapısına göndərdi və 74-cü dəqiqədə hesab 2:0 oldu. 81-ci dəqiqədə alqışlar içində İkardi də oyuna daxil oldu. 281 günlük fasilədən sonra ilk rəsmi oyununa çıxan argentinalı ulduz hətta qol da vurdu.

Qonaqların müdafiəsindəki növbəti kobud səhvdən sonra Torreyra topu elə keçirdi. Onun ötürməsindən sonra isə İkardi topu boş qapıya göndərərək yekun nəticəni müəyyənləşdirdi. Argentinalı ulduz Türkiyə çempionatında 52-ci qolunu vurdu. O, debüt etdiyi tarixdən, yəni 2022-nin yayından bu yana superliqada ən çox qol vuran futbolçudu.

Beləliklə, ''Qalatasaray'' ilk turda olduğu kimi ikinci turda da 3:0 hesablı qələbə qazandı. ''Cim-Bom''un çempionat çərçivəsində evdəki məğlubiyyətsiz seriyası 13 oyuna yüksəldi.

Bundan başqa komandanın bütün turnirləri nəzərə almaqla qələbə seriyası 13, qol buraxmamaq seriyası isə 7 oyuna çatdı!

Chosen
10
11
football-plus.az

10Sources