EN

Söz və ruhun birləşdiyi ömür yolu - Elçin Kamalın yubileyinə

Onun haqqında əslində bir neçə gün əvvəl yazmaq istəyirdim. Sadəcə, fürsət tapa bilmirdim. Amma içimdə bir səs deyirdi ki, bir az tələs. Bəzi insanlar var ki, onların yanında keçirdiyin anlar, dinlədiyin söhbətlər, aldığın məsləhətlər illərin o üzünə aparan bir xatirə, bir ömür dərsi kimi yadda qalır. Elçin Kamal da belə insanlardandır. Onun yanında keçirdiyim hər an həm bir publisist və yazıçı ilə söhbət imkanı verir, həm də həyatın sükutunu, kənd havasının saflığını və milli dəyərlərin ruhunu hiss etdirir.

Elçin müəllimlə tanışlığım 2014-cü ildə AZƏRTAC-a gəldiyim günlərdən başlayıb. İlk tanışlığımızda onun həlim, gözəl və ruhayatımlı xarakteri diqqətimi çəkib. Sonralar  dərinləşən münasibətimiz bizi bir-birimizə daha da yaxınlaşdırıb. 

Onun adı harada çəkilərsə, ağlıma ilk gələn fikir bu olur: Elçin müəllim qarşısındakı insanı özündən öncə düşünməyi bacaranlardandır. Onun dünyasında dinləmək söz deməkdən üstün, məsləhət verməksə, öyüdçülük yox, dostluq nişanəsidir. Etiraf edim ki, Elçin müəllimlə keçirdiyim anlarda çörək kəsmək, dərdləşmək və söhbətlərin içində kəndin saflığını, milli dəyərlərin ruhunu duymaq mənim üçün həmişə bir dərs olub. Bu mənada, hər görüşdə o, sanki yaddaşımda unudulmaqda olan xatirələri oyadar, milli kimliyimizin dərin qatlarını onun şirin söhbətlərində yenidən xatırlayaram. Şəxsən mənim üçün götürdüyü "Kamal” imzası kimi kamillik, saflıq və təmkin nümunəsidir Elçin müəllim. Bu imza onu tanıyan hər kəs üçün sadəcə bir qələmyaratma adı yox,  bir xarakterin, bir ömür yolunun çələngidir.  Tolstoy  qeyd edirdi ki, insanı böyüdən var-dövlət deyil, xarakterin zənginliyidir.  Elçin müəllimdə bu zənginliyi görmək çətin deyil, onun sakit təmkinində, dərin baxışlarında, insana yönəlik xeyirxah niyyətində bu zənginlik boy göstərir. Yəqin Elçin müəllimi tanıyan hər kəs mənimlə razılaşar ki, onunla ünsiyyət bir kitabın səhifələrini çevirmək qədər faydalıdır - hər dəfə yeni bir düşüncə, yeni bir dəyər aşkar edir adam. Bu gün Elçin Kamalın keçdiyi ömür yolu, haqladığı yubiley yaşı bir daha göstərir ki, doğrdan da onun kimi yaşayanların əsl böyüklüyü və kamilliyi iç dünyalarının gözəlliyindədir. Özünün təbirincə desək, insan ömrünün əsl qiyməti nə qədər yaşadığında deyil, neçə könül qazanmağındadır. 

Ona görə də mən bu yazını bir yubiley təbriki kimi yox, dostluğun və şəxsiyyətin qiymətləndirilməsi kimi qələmə aldım. Çünki Elçin müəllim haqqında yazmaq sadəcə bir insanı təqdir etmək yox, həm də bir dəyəri yaşatmaqdır. 

Ömrün bərəkətli olsun, əziz insan!

Ceyhun Alışlı

Chosen
17
38
ulusum.az

10Sources