EN

 Sən mənim nəğməmsən...

Müslüm Maqomayevin doğum gününə

Hər qəlbin özünə yaxın melodiyası olur. Sevincli, kədərli anlarında, özü ilə baş-başa qalanda zümzümə etdiyi,  səssiz, sözsüz mahnısı. Mənim üçün o melodiya, o mahnı Müslüm Maqomayevin “Dəniz”i, “Mavi əbədiyyət”idir.  Dəniz kənarında doğulduğumdanmı, dənizə hədsiz vurğunluğumdanmı, Müslümün səsinin cazibəsindənmi, hər nədirsə,  o melodiya həmişə içimdədir, zümzüməmdədir, təkrar-təkrar dinlədiyim, sehrindən doymadığım əbədi nəğməmdir. Bilmirəm, bu müqayisəm nə qədər yerinə düşür, Üzeyirbəy Hacıbəyovun “Koroğlu” operasındakı uvertüranı, “Cəngi”ni, “Misri”ni  dinləyəndə hansı coşqunu hiss edirəmsə, “Dəniz”də də o təlatümlü həyəcanı yaşayıram. Bu mahnını çox ifalarda dinləsəm də, heç biri Müslüm Maqomayevin yerini vermir. Təkrarsız ifadır, ilahi səsdir Müslümünkü. M. Maqomayev bir ustad sənətkar kimi “Mavi əbədiyyət”ə əbədiyyət möhürü vurub. İlk gənclik illərindən ömrünün son günlərinə kimi ifa etdiyi bütün mahnılarına ürəyindən bir parça bağışlayıb, hərarət qatıb.

M. Maqomayev sənətinin cazibə qüvvəsinin səbəbi də budur məncə.Müslüm Maqomayev rus estrada səhnəsində  elə bir vaxtda göründü ki, həmin vaxtda tanınmaq zor iş idi. O vaxtkı SSRİ-də musiqi, estrada sənəti çiçəklənmə dövrünü yaşayırdı. Elə dünyada da sanki bir musiqili intibah başlanmışdı. Mən o populyar ifaçıların heç birinin adını çəkmək istəmirəm, bizim nəsil onları adsız da tanıyır. Və həmin nəslin ən uğurlusu olmağı bacardı Müslüm Maqomayev. Bu gün sosial şəbəkələrdə, xüsusən feysbukda  bu təkrarsız müğənni ilə bağlı paylaşımların çox olmasına düzü, sevinmək lazımdır. Çünki  sənətkar xatırlanırsa, deməli, zaman-məkan sərhəddini, ölüm səddini aşa bilib. Müslüm Maqomayevin ruhu bu gün də  mahnılarının qanadında paralel dünyaların orbitində dövr edir, tanrının ona bəxş etdiyi ilahi səsin, ecazkar sənətinin sayəsində  yaşarıdır, canlıdır.

Kənddə doğulub, kənddə böyümüşəm, musiqi təhsili almaq imkanım da olmayıb. Amma içimdə özümün yaratdığım, qurduğum nəğməli dünyam olub və o dünyanın ən sevilən sənətçisi də mənim üçün Müslüm Maqomayev idi. Etiraf edim ki, evdəkilərə Müslüm Maqomayevi dinləmək heç vaxt maraqlı olmayıb, oxuyanda başqa kanala çeviriblər, ürəkdolusu Zeynəb Xanlarovaya baxıblar. O vaxt indiki kimi kanal bolluğu deyildi,  hər otaqda da bir televizor yox idi.  Müslümün konsertləri adətən Moskva kanallarında yayımlanırdı, bütün vacib konsertlərdə yeri vardı.  O vaxt sevdiyimiz ifaçıların ötürdüyümüz  konsertlərinə  təkrar baxmaq imkanımız yox idi. Bu gün isə Müslüm Maqomayevin ilk gənclik illərindən tutmuş ömrünün son günlərinə kimi oxuduğu bütün mahnıları təkrar-təkrar dinləmək, musiqili irsini izləmək imkanımız var.

 Ötən əsrin 80-ci illərinin rus mətbuatının yazdığına görə  keçirilən sorğu zamanı gənclər Müslüm Maqomayevin konsertinə düşə bilməyi xoşbəxtlik sayıblar. Bu xoşbəxtliyi mən də arzulamışam, amma çox təəssüf ki, bu ecazkar səsi  canlı dinləmək qismətimdə olmadı. 
 “Şah İsmayıl”, “Sonuncu akkord”, “Mavi əbədilik”, Pyotr Çaykovskinin “Yevgeniy Onegin”, Cüzeppe Verdinin “Riqoletto”, Şarl Qunonun “Faust”, Aleksey Majukovun “Arzular, arzular”, Polad Bülbüloğlunun “Bakı haqqında mahnı”,  “Azərbaycan”, Qambardellanın “Dənizçi”, Tostinin “Marekyare”, Kurtisin “Gecə nəğməsi”, İtalyan partizanlarının mahnısı, “Əlvida, sevgilim”, Vano Muradellinin “Buhenvald harayı” və s. nəğmələrin təkarsız ifaçısı  musiqi tariximizdə əbədi yaşayacaq.

Müslüm Maqomayev sağ olsaydı 83 yaşını qeyd edəcəkdik. Doğum gününə ithafladığım bu yazını yazdıran tələbə yoldaşım Afaq Vasifqızının səhər-səhər votçapda paylaşdığı, sevərək dinlədiyim “Tı moya melodiya” (“Sən mənim nəğməmsən”) mahnısı oldu...

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru


 

Chosen
6
4
adalet.az

10Sources