EN

“Bəli, mən “Sabah”ın hər iki matçda qorxaq oynadığını düşünürəm” - fikirlər haçalandı

Avropa səhnəsində yenə bir klubumuz - “Qarabağ” qaldı.

Ölkə futbolunun xurcununu yenə “köhlən atlar” daşıyır. Təkbaşına, dostsuz-tanışsız. 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra “Araz-Naxçıvan”a olmasa da, “Sabah”a ümidlər var idi. Sofiyada 97 dəqiqə qol buraxmayan, başabaş, hətta müəyyən məqamlarda üstün oyunsərgiləyən “bayquşlar” Masazırda fiasko yaşadı. İlk dəqiqələrdən rəqibin üstün futbol oynaması gözə dəyirdi. Oyun bitəndən sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskası qorxaqlıqda suçlayanlar çoxdu.

Həmkarımız Kənan Məstəliyevə və təcrübəli mütəxəssis Aslan Kərimova bu sualla müraciət etdik: “Sabah” həqiqətənmi qorxaq oynadı, “Levski”yə qarşı necə oynamalı idi?

Kənan Məstəliyev:
“Bəli, mən “Sabah”ın hər iki matçda qorxaq oynadığını düşünürəm. “Beşli” müdafiə bunun ilk sübutudu. Düzdü, bu sistem müdafiə futbolu demək deyil. Adətən, cinah müdafiəçiləri hücuma çıxanda vinger kimi çıxış edirlər. Dambrauskas hər iki oyunda iki dayaq yarımmüdafiəçisi ilə oynadı. Heç biri oyun qurucusu kimi oynamadı. Bu da müdafiəyəmeyilli futbolçular deməkdi. Konkret beş müdafiəçi, iki dayaq yarımmüdafiəçisi ilə oynadılar. Hücumçular - Mikels, Şafranko və Sekidika yaxşı, texnikalı futbolçular olsalar da, onlar topla bəslənməyi xoşlayırlar. Bir 10 nömrə, oyun qurucusu oynamalı, onları topla təmin etməliydi. Son 45 dəqiqəni çıxmaq şərti ilə - dörd hissənin üçündə “Sabah”ın müdafiə zonası ilə hücum zonası arasında 30-35 metr məsafə var idi. Dayaq yarımmüdafiəçiləri rəqibləri aldadaraq, keçərək irəli çıxmağa çalışırdılar. 4-5-1, 4-4-2 taktiki sxemi ilə oynayıb, ötürmə keçidini yaratmaq olardı. Topu mərkəzdə saxlamaq, irəlidəki futbolçuları topla təmin etmək olardı. “Sabah” “Selye” və “Petrokub” ilə belə oynadı, çoxlu qol vurduq, qələbə də qazandı. “Levski” ilə oyunda isə yanlış seçim komandanı uğursuzluğa düçar etdi. Dambrauskas qorxaq futbol oynatdı. Baş məşqçilər bu sistemlə oynayanda uzun ötürmələrdən istifadə edirlər. “Levski” ilə oyun göstərdi ki, bu komanda qorxulası deyil. Aşkar şəkildə qorxaq futbol oynadıq, Dambrauskas evdə belə qorxaq futbol oynatdı. Rəqib birinci hissədə “çərçivə”yə belə düşə bilmirdi. Başqa taktiki sxem seçərək, bu komandanı keçmək lazım idi. Bu məğlubiyyətin məsuliyyəti Valdas Dambrauskasın üzərindədi, cavab verməlidi”.

Aslan Kərimov:
“Düşünmürəm ki, Dambrauskas nəyisə səhv etdi. Düzdü, heyətlə bağlı bir-iki nüans demək olar. Məsələn, Xəyal oynaya bilərdi, iki yox, üç yarımmüdafiəçi ilə oynamaq olardı. Bunlar hamısı müzakirəyə açıq məsələdi. Hamısı versiyalardı. Bunu bilmək çətindi. Oyunun içində görünən o idi ki, ilk oyundaa olan yığcam müdafiəni ikinci oyunda da saxladı. Birinci və ikinci hissədə təkbətək qalmaq ehtimalımız var idi. Rəqibin cinah müdafiəçiləri çox yaxşı oynadı. Bu günə qədər “Sabah”ın cinah hücumçuları sürəti hesabına rəqiblərini geridə qoyurdusa, bu dəfə bunu bacarmadılar, çətinliklə keçdilər. Parisin iki dəfə keçdiyini gördüm. Kim daha çox səhv edəcəkdisə, o da məğlub olacaqdı. Rəqib bizi səhv etməyə məcbur etdi. Hesabın açılması qırılma nöqtəsi idi. Birinci hissənin sonunda qolun vurulması ikinci hissədə şansları çox azaltdı. Bəlkə Xaybullayevlə başlamaq olardı, Xəyalı oynatmaq olardı. Şafrankonun performansı ikinci hissədə aşağı düşdü. Qol imkanını əldən verməsi də var idi. Belə epizodları qola çevirə bilmirsənsə... Baş məşqçinin səhv etdiyini deməzdim, amma başqa addımlar atsaydı, bəlkə daha çox təsir edərdi. Oyun göstərdi ki, səhvlərimiz var. Qol imkanlarımız oldu, vura bilmədik. Qələbə qazanmaq üçün qol vurmalısan. Ələ düşən imkanları qola çevirə bilməmək və rəqibə elə boşluqlar verməyimiz sonda məğlubiyyətimizə gətirib çıxardı”.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
68
50
football-plus.az

10Sources