Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ prezidenti Donald Trampın iştirakı ilə avqustun 8-də Vaşinqtonda imzaladıqları sülh razılaşması bəlli mərkəzlərdə bölgə ilə bağlı ciddi narahatlıqlar doğurmaqdadır. 35 illik münaqişəni tarixin arxivinə yollayan bu razılaşma Cənubi Qafqazda yeni münasibətlər sisteminə keçidi şərtləndirdiyindən pozucu dairələr dayanıqlı sülhün təmininə mane olmağa çalışır. Sülh perspektivləri fonunda ən sərt reaksiyalar isə məhz Rusiyadan gəlir.
Moskva elitasından Ermənistana “yaşıl işıq”
Şimal dövlətindən olan siyasətçilərdə, media nümayəndələri və duma deputatlarında bu qədər qəzəb yaradan səbəb nədir? Şübhəsiz, ilk növbədə, Ağ evdə imzalanmış “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş” və onun maddələri rus siyasi elitasını ən çox narahat edən məqamlardır.
Çünki, 17 bənddən ibarət bu sənəddə Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin toxunulmazlığı prinsipini qəbul edir, mübahisəli mövzuları güc tətbiq etməmək yolu ilə tənzimləməyə razılaşır. Bundan başqa, tərəflər qarşılıqlı sərhədə üçüncü ölkənin hərbi qüvvələrinin yerləşdirilməsini yolverilməz sayır, öz ərazisini digər ölkəyə hərbi platsdarm kimi verməkdən imtina edirlər.
Kremli təşvişə salan odur ki, Cənubi Qafqaza nüfuz etmək, tərəflər arasında ziddiyyətləri dərinləşdirmək üçün bütün rıçaqlar əldən çıxır. Bu isə faktiki, 2020-ci il noyabrın 10-da məhz Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli bəyanatı arxa plana keçirir. Üstəlik, 10 noyabr bəyanatının 9-cu maddəsinə əsasən, Rusiyanın Sərhəd Xidməti orqanları nəqliyyat əlaqəsi üzrə nəzarəti həyata keçirmək imkanından da məhrum olur, ABŞ isə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 43 kilometrlik hissəsini 99 illiyə icarəyə götürməklə uzun müddət Rusiyanın təsir zonası sayılan regiona giriş vəsiqəsi əldə qazanır.
Rusiya və İran nədən narahatdır?
Beləliklə, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış Birgə Bəyannamə sayəsində Zəngəzur dəhlizi – indiki anlamda “Tramp marşrutu” gerçəkliyə çevrilir. Rusiya və İran bu məsələdə birbaşa ABŞ-ni təhdid etməsələr də, müqavilənin digər iştirakçılarına qarşı hədələr yağdırır, bəzən isə mövcud vəziyyətlə barışdıqları görüntüsü yaratmaqla paradoksal addımlar atır. Məsələn, İran rəsmiləri hesab edirlər ki, qeyri-region ölkələrinin müdaxiləsi Cənubi Qafqaz üçün uğurlu variant sayıla bilməz. Rəsmi Tehran Tramp xəttinin açılışı ilə Ermənistanla əvvəlki ticari-iqtisadi əlaqələrin zərər görə biləcəyini düşünür.
Azərbaycanın Zəngəzur dəhlizi ideyasına da bu səbəbdən “İranın qırmızı cizgisi” deyib sərt ritorika ortaya qoyurdular. Hazırda isə İran tərəfi bəyan edir ki, Ermənistan onlarda əminlik yaradıb və Tramp yolunun açılması cənub dövlətinin strateji maraqlarına xələl gətirməməlidir. Zatən Nikol Paşinyan da hələ ABŞ-də olarkən “Fox News” kanalına müsahibəsində demişdi ki, bu marşrutun açılışı Rusiya və İranın da maraqlarına cavab verir.
Media və siyasi seqmentdə Paşinyanı linç edən ruslar da artıq dəhlizlə bağlı bir qədər yumşaq mövqe ortaya qoyur. Məsələn, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bunları deyir: “Əgər Ermənistan hesab edirsə ki, Tramp marşrutu onların xeyrinədir, o zaman Rusiya bu məsələdə Ermənistanı dəstəkləyəcək”. Bununla belə, şimaldan tez-tez belə bir xatırlatma da edirlər ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və ermənilər iqtisadi əlaqələrlə bağlı qəti seçimlərini etməlidirlər.
MARQARİTA SİMONYAN, VLADİMİR SOLOVYOV VƏ QEYRİLƏRİ...
Birgə Bəyannamənin əsas tərəfi sayılan Azərbaycanla bağlı Rusiyanın siyasi camiəsində daha sərt mövqe ortaya qoyulur. Vaşinqton zirvə görüşünün nəticələri üzərindən Bakıya qarşı hansısa ultimatum səslənməsə də, ruslar Azərbaycan-Ukrayna münasibətlərindəki yaxınlaşmanı həzm edə bilmir və ölkəmizi “top atəşi”nə tuturlar. Anti-Azərbaycan təbliğat kampaniyasında tək Vladimir Solovyov, Marqarita Simonyan, Sergey Mardan kimi telejurnalistlər deyil, rusiyalı millət vəkilləri də fəal iştirak edir.
Solovyovun tezliklə NATO qüvvələrinin Xəzər dənizinə gələcəyi tezisi nə qədər absurd səciyyə daşısa da, onun “ləzgi məsələsi”ni qaldırması və guya əgər Azərbaycan Rusiya ilə müharibəyə başlamaq istəsə, Moskvanın “ləzgi kartı”nı işə sala biləcəyinə dair illüziyası bir o qədər təhlükəli təsir bağışlayır.
İstər Solovyov, istərsə də onun hərəkətə gətirdiyi duma deputatları – Andrey Qurulyev, Andrey Kolesnik, Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov və digərləri öz açıqlamalarında sadə etika və nəzakət qaydalarına belə riayət etməyərək Azərbaycan dövləti haqqında cəfəng ifadələr işlədir. Onların bir qismi Azərbaycandan ixraca qadağa qoymağa, Rusiyadakı diasporumuzun hüquqlarını məhdudlaşdırmağa, buradakı azərbaycanlıların biznesini sıxışdırmağa çağırış edir, digərləri isə ölkəmizi hərbi hücumla hədələyir, Azərbaycanın Ukraynadakı enerji obyektlərinə zərbələr endirməyi məqsədəuyğun adlandırırlar.
Rusiyada anti-Azərbaycan meyillərinin bu qədər dərinləşməsinin tək səbəbi isə heç də rəsmi Bakının AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulmasına etirazları deyil. Hərçənd, Prezident İlham Əliyev də Birləşmiş Ştatların “Fox News” kanalına müsahibəsində bildirdi ki, Bakı AZAL təyyarəsinin qəsdən vurulduğunu düşünmür, sadəcə, bunun etiraf edilməsini və zərərçəkənlərin ailələrinə kompensasiyanın ödənilməsini istəyir. Əvəzində, ruslar Bakını Ukraynaya silah satmaqda ittiham edir, bu siyasətin Azərbaycana baha başa gələcəyi barədə anlaşılmaz bəyanatlar səsləndirirlər.
Rusiya reputasiyasının qayğısına qalmalıdır
Görünür, Kreml Azərbaycanla münasibətlərin normallaşdırılması deyil, ziddiyyətlərin sona qədər dərinləşdirilməsi yolu ilə gedir. Bu yolda rus siyasətçilərinin nəyə ümid etdikləri bəlli olmasa da, bir həqiqət var ki, media və deputatlar hesabına xalqımıza qarşı hədyanlar yağdırmaq konkret nəticələr verməyəcək, əksinə, Azərbaycan cəmiyyətində Rusiyanın nüfuzunu bir qədər də aşağı salacaq. Ruslar isə vəziyyətdən sui-istifadə edərək bu ölkədə yaşayan dinc həmvətənlərimizə qarşı hücumlar təşkil edir, onların ölümünə səbəb olurlar. Belə bir davranış özünü supergüc adlandıran bir dövlətə yaraşmaz.
Zatən Rusiya Ukrayna xalqına qarşı açıq təcavüz və zorakılıq aktlarına görə dünya ictimaiyyəti tərəfindən lənətlənir. Odur ki, hər kəs Rusiya prezidenti Vladimir Putinin Alyaskada amerikalı həmkarı Donald Trampla görüşdə konkret öhdəliklər götürəcəyini və atəşkəs barədə razılığa gələcəyini düşünürdü. Doğrudur, görüşün tam nəticələri dərhal elan olunmayacaq, ancaq cəbhə zonasında hərbi əməliyyatların davam etməsi o anlama gəlir ki, Kreml dünya birliyinin əsəblərini hələ uzun müddət tarıma çəkmək niyyətindədir.
Azərbaycan regionun əsas güc mərkəzidir
Təbii, belə bir mövqe Rusiyanın istər dünyada, istərsə də Cənubi Qafqazdakı nüfuzuna ciddi zərbə vurur. Son sosioloji sorğulardan da bəlli olur ki, Donald Trampın regional siyasəti sayəsində hazırda ABŞ nüfuz göstəricilərinə görə bölgədə Rusiyanı üstələyir. Xüsusilə, respondentlər Vaşinqtonda imzalanmış sülh razılaşmasında Ağ ev sahibinin rolunu yüksək qiymətləndirirlər.
Lakin sorğudan o da aydın olur ki, insanların 96 faizindən çoxu Vaşinqton zəfərini Prezident İlham Əliyevin diplomatik uğuru hesab edir. Rəyi soruşulanların 74,8 faizi isə Azərbaycanı Cənubi Qafqazın lider dövləti və əsas gücü sayır. Bütün bunlar onu düşünməyə əsas verir ki, bu gün Azərbaycan qlobal aktora çevrilmək yolunda inamla irəliləyir və siyasi sifariş yerinə yetirən rus media və siyasi çevrələrinin absurd ittihamları ölkəmizi bu yoldan döndərə bilməz.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı