EN

Məsud Pezeşkian İrəvana hansı ümidlə gedir?

Məsud

İran prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana səfər edəcək, səfəri avqustun 21-dək davam edəcək, daha sonra Belarusa yola düşəcək.

Ermənistan hakimiyyəti İran liderini qəbul etməklə onun “Tramp yolu” ilə bağlı narahatlığını aradan qaldırmağa, həmçinin ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmağa çalışacaq.

Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd edilir ki, İslam Respublikası Prezidentinin siyasi müşaviri Mehdi Sanəi deyib:

“Səfərin məqsədləri iki ölkə arasında, xüsusən də ticarət sahəsində əlaqələrin gücləndirilməsi və sənədlərin imzalanmasıdır”.

Nəşrin yazdığına görə, İranın Xarici işlər naziri Abbas Əraqçi vurğulayıb ki, Pezeşkianın səfəri xüsusi əhəmiyyət kəsb edir, çünki Tehran Yerevanla münasibətlərdə yeni üfüqlər açmaq öhdəliyini bir daha təsdiqləmək niyyətindədir.

“Tarixi bağlar, coğrafi yaxınlıq, iqtisadiyyatların bir-birini tamamlaması və regional maraqların yaxınlaşması birlikdə əməkdaşlığın möhkəmlənməsinə güclü təkan verir”, - deyə diplomat “Armenpress”ə yazdığı məqalədə qeyd edib.

Xüsusilə, o, birgə infrastruktur və enerji layihələrinin, akademik mübadilələrin və ortaq irsi qeyd edən mədəni təşəbbüslərin inkişaf etdirilməsində sonsuz imkanlar görür:

"Bu yolda xoşməramlılıq, qarşılıqlı etimad, ümumi maraqlar və ən əsası, iki paytaxtın siyasi iradəsi əlaqələrin daha da möhkəmlənməsi üçün əsas sütunlar olacaq. Qarşıdakı yol bəllidir. İran ortaq tarixi keçmişimizə və ümumi gələcəyimizin üfüqlərinə əsaslanaraq, çoxdankı dostluğumuzun yeni səhifəsini – həm də xalqlarımıza böyük təhlükəsizlik və rifah gətirəcək fəsil yazmaq üçün Ermənistanla işləməyə hazırdır. Eləcə də regionda və ondan kənarda İran-Ermənistan münasibətlərinin gələcəyi çox parlaqdır və heç kim onu qaralda bilməz”.

Peşeşkianın avqustun 19-da keçiriləcək Ermənistan-İran biznes forumunda iştirakı gözlənilir. Tədbirdə prezidentlə yanaşı, İran sənayesi, yol tikintisi, kənd təsərrüfatı, əczaçılıq və digər iqtisadi sektorların nümayəndələri də iştirak edəcəklər.

Həmçinin, səfər ərəfəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani arasında telefon danışığı olub. Onlar təsdiq ediblər ki, İrəvan və Tehran yaxın gələcəkdə strateji əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəklər.

Yeri gəlmişkən, Tehran avqustun 8-də Vaşinqtonda keçirilən Ermənistan-Azərbaycan danışıqlarına birmənalı münasibət bildirməyib. O, İrəvanla Bakı arasında sülh sazişinin paraflanmasını alqışlayıb, lakin ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın “Beynəlxalq sülh və firavanlığa Tramp yolu” (TRIPP) yaratmaq təşəbbüsündən hiddətlənib.

Ermənistan hakimiyyəti ümid edir ki, “Tramp yolu” Zəngəzur dəhlizinə alternativ olacaq və Paşinyanın Cənubi Qafqazda “Sülh yollarının kəsişməsi” ideyasını həyata keçirməyə imkan verəcək. Bununla belə, Tehran ABŞ-nın investisiya cəlb etmək və təhlükəsizliyə zəmanət vermək vədlərinin arxasında İslam Respublikasını təhdid edəcək imperialist ambisiyaların gizləndiyindən narahatdır.

"İranın Vaşinqtondakı razılaşmalarla bağlı mövqeyinə gəlincə, biz görürük ki, İran rəhbərliyinin ruhani liderlə, İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı olan hissəsi bu razılaşmalara kifayət qədər sərt reaksiya verib. İslahatçılar qanadına daxil olan prezident və Xarici İşlər Nazirliyinin rəhbəri bu razılaşmaları daha yumşaq şərh ediblər", - bunu barədə NG-yə Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzindən (ACSII) Ayk Xalatyan bildirib.

Ekspertin sözlərinə görə, İran prezidentinin komandası xarici siyasətdəki uğursuzluqlar: Suriyanın itirilməsi, İsrail və Amerikanın bombardmanları fonunda ciddi tənqid olunur. Bu sıraya Ermənistandakı “Trampın yolu” da əlavə oluna bilər.

"Ermənistana səfəri zamanı Pezeşkian Yerevan və Vaşinqtonun konkret nə barədə razılığa gəldiyini və amerikalıların Cənubi Qafqazda nə dərəcədə təmsil olunacağını anlamağa çalışacaq",- Xalatyan qeyd edib.

Y. QACAR
Chosen
35
43
reyting.az

10Sources