EN

Ağ Evdəki görüş  Ukraynanın taleyini həll edəcək  – Politoloq

“Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşəcək və qarşısında çox çətin bir qərar durur. Tramp Zelenskidən müharibəni dayandırmasını istəyəcək və bunun müqabilində Donbas bölgəsinin Rusiyaya verilməsini təklif edə bilər. Kreml isə Ukraynaya əlavə hücum etməyəcəyi və Qərb ölkələrinin Ukraynaya verəcəyi təhlükəsizlik təminatlarını qəbul edəcəyinə dair vədlər verir. Lakin bu vədlər kifayət qədər etibarlı deyil — çünki Kremlin 1994-cü il Budapeşt Memorandumunu pozaraq Ukraynanın ərazilərini zəbt etdiyi artıq geniş qəbul olunub.” – bu fikirləri Ulusal.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, Zelenski Vaşinqtona səfərindən əvvəl Ukrayna Konstitusiyasına zidd qərarlar qəbul etməyəcəyini, Donbasdan imtina etməyəcəyini vurğulayıb.

“Onun  bu mövqeyi onu göstərir ki, Trampın təklifini açıq şəkildə rədd etməyə hazırdır. Bu isə görüşün ABŞ tərəfindən gözlənilən nəticəsini verməyəcəyi, yəni ABŞ-ın Ukraynaya hərbi dəstəyi azalda biləcəyi mənasına gəlir. Digər tərəfdən, əgər Zelenski Trampın təklifini qəbul etsə, Ukrayna xalqına itirilən ərazilər barədə izah vermək kimi çox ağır bir məsuliyyət düşəcək. Bu, həm siyasi, həm də mənəvi baxımdan ağır kapitulyasiya deməkdir. Zelenski üçün bu addım onun prezident kimi karyerası və ölkənin gələcəyi baxımından böyük sınaq olacaq. Tramp üçün isə bu görüşün önəmi böyükdür — o, müharibəni dayandırmaqla, seçkiqabağı verdiyi vədləri yerinə yetirmək və reytinqini artırmaq istəyir. Eyni zamanda, Nobel sülh mükafatı qazanmaq üçün bu görüş çox vacibdir. Trampın müharibənin sona çatmasını istəməsi və buna nail olmaq üçün Zelenskinin mövqeyini zəiflətmək məqsədilə belə təkliflərlə çıxış etməsi mümkündür.” -deyə Arzuman Muradlı əlavə edib.

Politoloq hesab edir ki, Zelenski isə kapitulyasiyaya qarşı mövqeyini qoruyur və müharibənin davam etməsi üçün siyasi iradəsini ortaya qoyur.

“Bu, Ukrayna Prezidenti üçün ikinci dəfə Ağ Evdə Trampla çətin müzakirə deməkdir və bu dəfə situasiya daha da mürəkkəbləşib. Buna görə də, Zelenskinin görüş zamanı açıq “yox” cavabı vermək əvəzinə, məsələni uzatmaq, danışıqları uzatmaq və vaxt qazanmaq taktikasını seçməsi gözlənilir. Bu, həm Ukrayna üçün strateji mövqeyi qorumaq, həm də daxildə narazılıqların qarşısını almaq baxımından məqsədəuyğundur. Nəticə etibarilə, Zelenskinin qarşısında iki yol var: ya Donbası Rusiyaya verməklə müharibəni dayandırmaq, lakin siyasi kapitulyasiya ilə üzləşmək, ya da müharibəni davam etdirmək, amma ABŞ-ın dəstəyində azalma riski ilə üzləşmək. Bu qərar Ukraynanın gələcəyini, həmçinin regiondakı güc balansını ciddi şəkildə təsir edəcək.”- deyə Arzuman Muradlı əlavə edib.

Chosen
65
50
moderator.az

10Sources