EN

Alyaskadakı əsl Putin deyildi? - FOTO

Avqustun 15-də Alyaska ştatı tarixi görüşə ev sahibliyi edib. ABŞ Prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gələndə sonra ilk dəfə burada rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirib. 

İki liderin üz-üzə gəlməsi həm Ukrayna müharibəsi, həm də qlobal təhlükəsizlik məsələləri baxımından böyük əhəmiyyət daşıyır. Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri avqustun 18-də Trampla görüşün nəticələrini müzakirə edəcək.

Ekspertlər hesab edir ki, sammitin nəticələri və təsirləri uzun müddət gündəmdə qalacaq.

Modern.az-ın məlumatına görə, Tramp–Putin görüşündən dərhal sonra internetdə qəribə iddialar yayılıb. 

Sosial şəbəkə istifadəçiləri Putinin üzündə, yerişində və davranışlarında “fərqliliklər” gördüklərini yazaraq onun əslində dublyor göndərdiyini iddia ediblər.

Bəzi paylaşımlarda Putinin “çənəsi fərqlidir”, “yanaqları şişkin görünür”, “çox gülümsəyir, bu Putinə bənzəmir” kimi iddialar səsləndirilib. Putinin təhlükəsizliyi təmin edilmədən Trampın avtomobilinə əyləşməsi, mətbuat konfransında qəribə hərəkətlər etməsinə diqqət çəkərək onun dublyor olduğunu iddia edənlər də olub.

Başqa istifadəçilər isə bu fikirləri istehza ilə qarşılayıb: “Ən yaxşı dublyorunu deyil, "orta səviyyəli" dublyoru göndərib”.

Putinlə bağlı “dublyor” iddiaları yeni deyil, bu şayiələr illərdir mövcuddur və sosial mediada tez-tez müzakirə edilir. Putin və onun dublyorları populyar konspirasiya nəzəriyyələrindən biridir. Sosial mediada satirik memlərdən tutmuş yüksək vəzifəli rəsmilərin verdiyi şərhlərə qədər geniş yayılıb.

Hələ 2000-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Yevgeni Murov bu şayiələri təkzib edərək bildirib ki, Putinin heç bir dublyoru yoxdur. 2001-ci ildə isə Putin özü də bu mövzuya aydınlıq gətirərək belə söz-söhbətləri inkar edib. 2015-ci ildə mətbuat konfransında ona bənzəyən bir şəxsin fotosu göstərildikdə Putin gülərək “Nə dublyor? Mənim dublyorum yoxdur. Mənə o nəyə lazımdır?” – deyə cavab vermişdi. Daha sonra, 2020-ci ildə o, TASS-a müsahibəsində 2000-ci illərin əvvəllərində, terrorizmə qarşı ən çətin dövrlərdə dublyordan istifadə etməsi təklif olunduğunu, lakin bundan imtina etdiyini bildirib.

Əslində bu iddiaları təsdiqləyən heç bir fakt yoxdur. Üstəlik iddiaları sübut edən ciddi araşdırmalar da mövcud deyil.

Bu tip qeyri-ciddi mövzular bəzən gündəmi dəyişmək, görüşün ciddiliyini və mahiyyətini azaltmaq üçün ortaya atılır.

Əsas diqqət Tramp–Putin sammitinin gələcək proseslərə hansı təsiri göstərəcəyinə yönəlməlidir. 

Yeri gəlmişkən, bu gün Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə görüşəcək, Alyaska sammitinin nəticələri müzakirə ediləcək.

Elnur Əmirov

Chosen
74
50
modern.az

10Sources