EN

Azərbaycanın qırmızı xətti: Şəhidlərimiz

Bir türk serialı var idi – “Sakarya Fırat”. Sərhəd bölgəsində yerləşən kiçik bir hərbi hissədən və orada baş verən hadisələrdən bəhs edirdi.

O serialın bir səhnəsi var ki, hər dəfə izləyəndə adamı dərindən sarsıdır. Baş çavuşun xidmət yoldaşı şəhid olur, nəşi hissəyə gətirilir. Onun əlində isə dostunun qanına bulaşmış kiçik bir daş parçası var. Sarsılan hərbçi həmin daşı sinəsinə sıxıb yerə çökür. Komandir soruşur:

– Bu nədir?

Çavuş qürurla ayağa qalxır, bir neçə saniyə fikrə gedir və cavab verir:

– Vatan, komutanım!

Yəni, şəhid qanına bulaşmış bir daş belə artıq Vətəndir. Çünki Vətən torpağını müqəddəs edən də elə şəhidin qanıdır.

Dünən gecə saatlarında iki ərəb turistin Şəhidlər xiyabanında etdiyi nalayiq hərəkətlər, çəkdikləri lağlağı dolu videolar məni xeyli əsəbiləşdirdi. Açığı, ürəyimdən keçdi ki, orada bir nəfər olaydı, bunların "yumşaq yerləri"nə bir-iki təpik vurub, oradan qovaydı.

Mən qanunpərəst adamam, hər şeyin qayda-qanunla həll olunmasını istəyənlərdənəm. Amma müqəddəsimə, şəhidimə toxunanda gözümə nə qanun görünür, nə də qayda! Atam şəhiddir deyə belə düşünmürəm, hər bir şəhid mənim üçün eynidir – hamısı əzizdir, dəyərlidir. Çünki şəhidlik şəxsi məsələ deyil – ümummilli dəyərdir!

Hər bir dövlətin, hər bir xalqın qırmızı xətti var. Bizim qırmızı xəttimiz isə şəhidlərimizdir!

Ona görə ki, Vətən şəhidin qanı ilə qorunur, şəhid də Vətənin varlığı ilə...

Sevinirəm ki, bu hadisəyə operativ reaksiya verildi. Gecə ilə əməliyyat tədbirləri həyata keçirildi, videoları çəkən turistlər saxlanıldı. Azərbaycan polisinin çevikliyi və qanuni addımı alqışlanmalıdır. 

Artıq faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər. Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Onlar da, onların ölkəsindəki hər kəs də anlamalıdır ki, Azərbaycanda şəhidə toxunmaq olmaz. Onların bəxti gətirib ki, bizim dəliqanlı oğullarımızla rastlaşmayıblar. Yoxsa ölkələrinə qulaqsız yola salına bilərdilər.

Biz sivil dövlətin mədəni vətəndaşlarıyıq. Amma hər kəs bilməlidir: Azərbaycanda çox şey olar, amma hər şey olmaz. Bu, bizə də, o alçaqlığı edən gəlmələrə də bir dərs oldu. Bizə dərs oldu ki, daha ayıq olmalıyıq. Başqalarına dərs oldu ki, bura axmaq, alçaq hərəkətlərin ediləcəyi ölkə deyil. Ov ovlamaq, quş quşlamaq olar, amma müqəddəsə toxunmaq qətiyyən!!!

Şəhidlər bizim yalnız qürur yerimiz deyil, həm də ən kövrək yanımızdır.

Onlar sağlıqlarında Vətənin keşiyində ayıq-sayıq dayanmışdılar və son vəzifələrini yerinə yetirib şəhadətə ucaldılar. İndi isə sıra bizdədir – şəhidlərimizin ucalığını qorumaq həm vətəndaş, həm də dövlət olaraq bizim borcumuzdur!

Zaur Əhməd

Chosen
11
18
unikal.az

10Sources