EN

Bu il cinayətlərin 27 faizdən çoxu narkotik dövriyyəsi ilə əlaqədar olub

BAKI, 17 avqust. TELEQRAF

Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar–iyun ayları ərzində ölkədə qeydə alınmış 17049 cinayət hadisəsinin 4667-si və ya 27,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da ötən ilin müvafiq dövrün göstəricisindən 17,7 faiz azdır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, həmin cinayətlərin 65,8 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 31,3 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,1 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8 faizini isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən 2780 şəxs müəyyən edilib. Onların 36,3 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz azdır. Cinayət törədən şəxslərin 99,1 faizi cinayət məsuliyyətinə cəlb olunub, 0,9 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törədən şəxslərin 61,1 faizini əmək qabiliyyətli yaşda olub işləməyən və təhsil almayanlar, 3,3 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,3 faizi 14-17 yaşlı yetkinlik yaşına çatmayanlar, 6,9 faizi 18-24 yaşlı, 16,1 faizi 25-29 yaşlı gənclər, 76,7 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Bununla yanaşı, cari ilin birinci yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1358 inzibati xəta qeydə alınıb ki, onlardan da 48-i qadınlar tərəfindən törədilib.

2025-ci ilin yanvar–iyun ayları ərzində 4256 kiloqram və ya əvvəlki ilin göstəricisi ilə müqayisədə 2,7 faiz çox narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və tərkibində narkotik maddələr olan bitkilər müsadirə edilərək götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin və psixotrop maddələrin 3480 kiloqramını marixuana, 315,9 kiloqramını ölkə ərazisində bitən, tərkibində narkotik maddələr olan bitkilər, 227,5 kiloqramını heroin, 88,6 kiloqramını tiryək, 42,9 kiloqramını həşiş, həşiş yağı və qətranı, 96,4 kiloqramını psixotrop maddələr (onlardan 96,3 kiloqramı metamfetamin), 4,7 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Chosen
15
14
teleqraf.com

10Sources