EN

Şəhidlər xiyabanında etdiklərinə görə tutulanları hansı cəza gözləyir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb. Yayılan görüntülər yerli ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Bəs, qeyri-etik davranan əcnəbiləri hansı cəza nə gözləyir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan hüquqşünas Anar Ramazanov bildirib ki, Azərbaycan Respublikasında əcnəbilərin gəlişi, ümumiyyətlə, turistlərin axını bütün dövlətlərdə olduğu kimi bizim dövlətimizin də marağındadır.

Onun sözlərinə görə, ölkəyə turistlərin böyük axını həm ölkəyə əlavə vəsaitin gəlməsi ilə, həm də valyutaların ölkəyə idxalıyla nəticələnir və bu da dolayısıyla ölkə iqtisadiyyatına bir üstünlük qazandırır:

"Lakin ölkəyə gələn bütün əcnəbilər, eyni zamanda, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qüvvədə olan hüquqi aktlara, bizim Konstitusiyamıza və qanunlara tabe olmalıdırlar. Bizim qanunvericiliyə əməl etməlidirlər.

Əcnəbilərin hüquqlarını və vəzifələrini tənzimləyən qanunlarla bağlı onu deyə bilərik ki, ilk öncə Konstitusiyamızın 69-cu maddəsinə əsasən, əcnəbilər Azərbaycan Respublikasında olarkən qanunla və beynəlxalq müqavilələrə uyğun olaraq ölkə vətəndaşları ilə bərabər hüquqlardan istifadə edir və vətəndaşlarla bərabər vəzifələr daşıyırlar".

Hüquqşünas bildirib ki, Konstitusiyamızın müvafiq maddəsindən göründüyü kimi, Azərbaycan Respublikası ərazisində əcnəbilərə xüsusi bir üstünlük, imtiyaz nəzərdə tutulmur:

"Azərbaycan ərazisində törədilən istənilən hüquqazidd əmələ görə, xüsusilə cinayətlə bağlı da Cinayət Məcəlləsinə nəzər salmaq lazımdır. 

Miqrasiya Məcəlləsinin 76-cı maddəsində birbaşa göstərilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər qanunvericilik tələblərinə dönmədən əməl etməlidirlər.

Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Adət və ənənələrin təbii ki, başında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün şəhid olan, canından keçən şəxslərə hörməti və ehtiram olunması durur. Hər hansı bir əcnəbi, əgər Azərbaycan xalqının adət-ənənəsinə, eyni zamanda qanunvericilik haqlarımıza, konstitusiyamıza hörmət etmirsə, bunları pozursa, hər bir halda etdiyi əməlin tərkibinə müvafiq olaraq hüquqi məsuliyyətə cəlb edilə bilər. Hətta ölkə ərazisindən deportasiya oluna bilər". 

Qeyd edək ki, faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Sözügedən maddəyə əsasən saxlanılan şəxsləri 1000 manatdan 2000 manatadək cərimə və ya 240 saatadək ictimai işlər, yaxud 1 ilədək islah işləri, o cümlədən 3 ilədək müəyyən hüquqlardan məhrum etmə, habelə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmidə İbrahimova

Chosen
36
14
olke.az

10Sources