EN

Təbiətə münasibət mədəniyyətin səviyyəsi ilə... 

Hikmət İSLAMOĞLU, AYB-nin üzvü

Son günlər, bəlkə də bir aydan çoxdur ki, Bakıda, əsasən tut, qarağac və digər ağacların yarpaqlarına qurd darışıb. Çağırılmamış bu ziyanverici həşaratlar  ölçü-biçi baxımından kiçik, lətif görünsələr də vurduqları ziyanın həcmi demək olar ki, böyükdür. Ekoloqların, bioloqların, ətraf mühitlə bağlı ölkəmizdə xeyli sayda yaradılmış qeyri-hökumət təşkilatlarının varlığına baxmayaraq, yaşıllığa qənim kəsilən həşaratların, bəşər övladına oksigen verən yarpaqların paytaxtda "soyqırımını" acı təəssüf ki, müşahidə etməkdəyik. Yuxarıda heç də əbəs yerə sözügedən sahə ilə bilavasitə məşğul olanların bu istidə "həvəslə" təbiətə və ətraf mühitə "canıyananlığını" təsadüfən qeyd etmədik. Təbii ki, siyahını artırmaq da olardı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Yaşıllaşdırma İdarəsi, Sanitariya və Epidiomologiya İdarələri, şəhər, rayon İ.H-ləri və sair və ilaxır. Bilinən odur ki, gözümüz görə-görə hazırda Bakı Şəhəri, Nizami Rayonun ərazisində ziyanvericilər xeyli sayda ağacların yarpaqlarına darışıblar. Belə gedərsə payızı sarı-qırmızı yarpaqlarla deyil, hələ yay fəsli çıxmamış yaşıl örtüyü gəmirən qurdların ucbatından quru və qurdlu budaqlarla görəcəyik. Demək olar ki, bu həşəratlar artıq payızı və qışı erkən gətiriblər. Hələ yaykən yaşıl örpəksiz quru budaqlarla təəssüf ki, rastlaşırıq.

Bəlkə yanılıram: amma mənə elə gəlir ki, demək olar hər gün rastlaşdığımız ağacların yarpaqlarını həşaratların məhv etməsi şəhər sakinlərinin xeyli qisminin eləbil heç vecinə də deyil. "Sakinlərin xeyli qisminin eləbil heç vecinə də deyil" kəlməsi lap "Şərikli çörək" filmindəki Qırçı Məhəmmədin nahar fasiləsi zamanı (əslində acdığına görə) özüylə danışarkən,-"Əşi, cəhənnəmi ki" ifadəsi haradansa beqafıl yadıma düşdü (orasını deyə bilmirəm). Ancaq bircə onu bilirəm ki, istilər düşəndən bəri Şəkidə, işğaldan azad olunan ərazilərdə otlaq sahələrin, biçənəklərin, çölün-çəmənin od tutmasının, meşə yanğınlarının qarşısını almaqda hüquq-mühafizəsi orqanları, habelə FHN-nin əməkdaşları fədakarlıq göstərirlər. Əhali arasında maarifləndirmə və təlimatlandırma müntəzəm olaraq aparılmaqdadır. Ətraf mühitə, fauna-floraya ziyan vuranlar güc strukturlarının birgə səyi ilə təqsirkarlar müəyyən edilir və onlara qarşı qanuna müvafiq ölçü götürülür. 
Təbiətə-bizi yaşadan yaşıl varlığa ziyan vuran nə varsa; istər şəxs(lər), istərsə həşaratlar, habelə yarpaqları məhv edən ziyanvericilər də nəticə etibarı ilə eyni missiyanı yerinə yetirirlər. Nəticədə, ətraf mühitə dəymiş itki, belə demək mümkünsə eynidir. Toplananlarda rəqəmlərin yerini dəyişmək yekun nəticəni dəyişmir. Yəni, birisi bilərəkdən və ya bilməyərəkdən (məsuliyyətdən azad etmir) əkin sahəsinə od vurur, o birisi yeyib-içmək üçün dağın döşündə, çay  kənarında, digərləri meşə ətrafında gözəgəlimli yamaclarda ocaq qalayır, kabab bişirir, samovar dəmləyirlər. Bəh-bəhlə yeyib-içəndən sonra, çox vaxt zir-zibillərini ətrafa dağıdırlar, bəzən də sellofanlara yığırlar. Bəzi ölkələrdə satışı qadağan olunmuş, bir sıra inkişaf etmiş ölkələrdə sıradan çıxarılmış həmin sellofan torba-paketlərə zibillərini yığan "vətənpərvərlər" həmin paketi tolazlayırlar çaya, yerdə qalan zir-zibillərini isə hara gəldi atırlar. Təəssüf ki, belə mənzərələrlə tez-tez rastlaşırıq.
 AZTV-nin mərhum əməkdaşı, şair Məmməd Aslan bir verilişində Krımda sənət dostları ilə meşəlik ərazidə ocaq qalamaq istədiklərini, lakin hələ alov yanmamış helikopterlə gələn hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanıldıqlarını xatırladır. Səbəb sadə idi: təbiətə ziyan vura biləcək istənilən ehtimalın qarşısı dərhal alınmalı idi. O, bu hadisədən sonra təəssüflə səslənirdi: “Qədrini yaxşı bilməmişik, ay dağlar, ay yamaclar, ay sərin bulaqlar, ay zümrüd meşələr...”
 Başqa bir hadisə isə həmyerlimiz Nazim Qurbanovun başına gəlib. Soçidə istirahət zamanı bir ağacın yarpağını qopardığı üçün ətrafda oturmuş yaşlı qadınlar tərəfindən sərt tənqidə məruz qalıb. Onlar əsəbi şəkildə bildirib:
“Sənin kimi hər gələn bir yarpaq qopardarsa, təbiətimizin axırı necə olar?”
Bu iki hadisə-biri keçmiş SSRİ dövründə, digəri müasir dövrdə-bir mühüm həqiqəti göstərir: bəzi cəmiyyətlərdə təbiətə münasibət ictimai vicdanla qorunur, insan faktoru ilə ölçülür. Bizdə isə çox zaman bu məsuliyyət yalnız cərimə və inzibati tədbirlərlə tənzimlənir.
Bəs görəsən, paytaxta gələn bir qonaq-turist olmasa belə-bir ağacın yarpağını qopardarsa, ona kimsə "gözün üstə qaşın var" deyərmi? Dənizkənarı Bulvarda kameralar və nəzarətçilər olmasa, orada nələr baş verərdi, təsəvvür etmək çətin deyil.
Bizdə isə...

 Təəssüf ki, bizdə ictimai qınaq çox zaman qeybətlə əvəz olunub. Nəticədə, təbiəti qorumaq yalnız polis və cərimə sisteminin öhdəsinə düşür. Halbuki bu yükü yüngülləşdirmək üçün ictimai təşəbbüs zəruridir. Tələbələr, qazilər, müəllimlər, jurnalistlər və digər nüfuzlu təbəqələrin nümayəndələrindən ibarət maarifləndirici və müşahidəçi qurumlar yaradılarsa, həm ictimai qınaq bərpa olunar, həm də ekoloji mədəniyyət formalaşar.
Unutmayaq ki, bir yarpağın belə qoparılmasına görə sərt reaksiya verən cəmiyyətlərdə təbiətə münasibət də fərqlidir. Bizdə isə... belə bir reaksiyanı kimdənsə görmək-onu artıq deyə bilmərik.
Paytaxtda ziyanverici qurdların ağaclara darışmasını, saysız-hesabız yarpaqları məhv etməsini, görəsən, sakinlər birgə olaraq aidiyyəti qurumlara ardıcıl şəkildə məlumatlandırıblarmı? Onu da deyək ki, yalnız bəzi telekanallarda bu məsələ qismən də olsa işıqlandırılıb. Əgər cəmiyyətin xeyli kəsimi təbiəti, yaşıllığı məhv edən ziyavericilərə qarşı biganədirsə, aidiyyatı qurumlar da yaşıllığa qənim kəsilən ziyavericilərə qarşı mübarizədə səfərbər deyilsə, bəs bunun günahını harada axtaraq?..
 QEYD: Yazıya hazırlıq ərəfəsində yolum metrodan düşdü. Ağacların pəjmürdə halı beynimdə dolaşırdı. COP29 zamanı ərazi üzrə ən mühüm nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət göstərən metronun "Koroğlu" stansiyasında qatar gözləyərkən, özüm də bilmədən vacib bir məlumat lövhəsiylə üzbəüz dayanmışdım. Orada yazılırdı: "GƏLƏCƏK BİZİMLƏ GƏLƏCƏK! Bir ağac ildə 120 kiloqrama yaxın oksigen 
Istehsal etməyə qadirdir. Bu, üç nəfərdan ibarət bir ailənin illik tənəffüsüdür!

XÜSUSİ QEYD: Təbiətə münasibət mədəniyyətin səviyyəsiylə ölçülür. Unutmamalıyıq ki, biz təbiətin ağuşundayıq. 

Chosen
54
50
sherg.az

10Sources