EN

Laçın Beynəlxalq Hava Limanı: Qarabağın yeni strateji və iqtisadi qapısı – ÖZƏL

"Laçın - həm bir şəhərin adı, həm də strateji qapının, mənəvi simvolun adıdır. Bu il həmin qapının önünə bir də havadakı yol açıldı: Laçın Beynəlxalq Hava Limanı! Özü də qardaşlarımızın - Pakistanın Baş naziri, Türkiyənin Cümhurbaşqanı kimi mötəbər şərəf qonaqlarının ilk uçuşları, xeyir-dualarıyla. 
Qorçuda, dənizdən 1700 metr yüksəklikdə ucalan bu aeroport təkcə Azərbaycanın deyil, bütün bölgənin yeni nəfəs nöqtəsidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. 

Geosiyasi baxımdan nələri vurğulamalıyıq? 

Bu hava limanı Qarabağın və Gündoğar Zəngəzurun geosiyasi xəritəsini dəyişir. Bəli, Azərbaycanın bölgədə "hava dəhlizi"ni açması həm müdafiə, həm də diplomatiya baxımından ciddi üstünlükdür. Laçın, Gündoğar və Günbatar Zəngəzur arasında əsas körpü-məkan olmaqla yanaşı, indi havadan da Azərbaycanın üstünlüyünü göstərir. Əlbəttə, bu, Bakının bölgədəki strateji çəkisini daha da artırır, onun sözünü gücləndirir.

Bəs iqtisadi baxımdan vurğularımız nə ola bilər? 

Laçın aeroportunun işə düşməsi bölgəni qapalı dağ kəndlərindən çıxarıb, açıq bazarlara bağlayır. O, təkcə ticarət yox, həm də işbirliyi qapısıdır. Buradan yüklər, sərnişinlər, yatırımlar axacaq... Azərbaycanın enerji və Yerüstü yol şəbəkəsi kimi hava şəbəkəsi də artıq Qafqazı aşır, beynəlxalq xəritəyə yeni xətlər çəkir.

Araşdırmaçı-yazar bildirib ki, turizm baxımından da önəmli ismarıclar vardır: "Laçın - dağların qoynunda bir təbiət incisidir; hava limanı bu incini dünyaya açacaq. Qarabağın yaşıllıqları, Şuşanın mədəni irsi və mədəniyyət paytaxtı statusu, Kəlbəcərin növ-növ mineral suları, Laçının su səsi... indi turistlər üçün daha əlçatan olacaq. Bu, həm də Azərbaycanın "mədəniyyət-təbiət-turizm üçbucağı"nın universal tamamlanmasıdır".

"Laçın Beynəlxalq Hava Limanı sadəcə bir infrastruktur olmayıb, Azərbaycanın yüksəliş rəmzi kimi xarakterizəni haqq edir. Bu liman Bakıdan Avropaya, Asiyaya gedən marşrutların, həm də gələcək Zəngəzur dəhlizinin havadakı qardaşıdır. Əgər yolları ulsun damarları kimi qəbul etsək, Laçın aeroportu Azərbaycanın bölgədəki yeni ürək döyüntüsüdür," - deyə Ə. Qoşalı əlavə edib.

Dövlətimiz zaval görməsin!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
57
50
olaylar.az

10Sources