BAKI, TurkicWorld, Nərmin Ağayeva
Misirin xarici işlər naziri Bədr Əbdülati Fələstinin böyük humanitar faciə ilə üzləşdiyini bildirib və qondarma “Böyük İsrail”lə bağlı bəyanatları rədd etdiklərini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Əbdülati bu fikirləri Misirdə rəsmi səfərdə olan Fələstinin baş naziri Məhəmməd Mustafa ilə Rəfah sərhəd-keçid məntəqəsi qarşısında keçirdiyi ortaq mətbuat konfransında səsləndirib.
Nazir qeyd edib ki, Fələstin xalqı blokada və sistemli aclıqla üzləşib, İsrailin planları isə ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, Rəfahdan daxil olan yardımların 70 faizi Misir tərəfindən təmin olunur və hazırda 5 min yük maşını giriş icazəsini gözləyir. Əbdülati bildirib ki, Misir Qəzzaya yardım göndərməyə hazırdır, lakin İsrailin yaratdığı maneələr aradan qaldırılmalıdır.
O, Qəzza danışıqlarında məcburi şərtlərin qəbul edilməyəcəyini, yalnız davamlı atəşkəsin hədəfləndiyini vurğulayıb və beynəlxalq ictimaiyyəti İsrailə təzyiqləri artırmağa çağırıb.
Fələstinin baş naziri Məhəmməd Mustafa isə Qəzza zolağının idarə olunması üçün müvəqqəti komitənin tezliklə elan ediləcəyini bildirib. Onun sözlərinə görə, məqsəd Qəzzanın hər iki tərəfini birləşdirmək və yenidənqurma prosesinə vaxt itirmədən başlamaqdır. Mustafa həmçinin Qəzzanın yenidən qurulması üçün Qahirədə beynəlxalq konfrans təşkil ediləcəyini açıqlayıb.
Qeyd edək ki, İsrailin yaratdığı blokada nəticəsində Qəzzada aclıq böhranı dərinləşib. Son 24 saatda ikisi uşaq olmaqla daha beş nəfərin aclıqdan həyatını itirdiyi bildirilir.