EN

Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi başa çatıb

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəstəyi və Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin təşkilatçılığı ilə 1-14 avqust tarixlərində ölkəmizdə keçirilən “Beat the Heat Vol. IV” adlı yay universiteti layihəsi uğurla yekunlaşıb.

Şuradan AZƏRTAC-a bildirilib ki, paytaxt Bakı ilə yanaşı, Quba və Nabranı da əhatə edən layihədə Yunanıstan, Almaniya, Böyük Britaniya, Niderland, Danimarka, Sloveniya, İtaliya, Rusiya, Polşa və İspaniya daxil olmaqla, 10 ölkədən 20 xarici, eləcə də 30 yerli gənc iştirak edib. İki hissədən ibarət proqramın 1-5 və 10-14 avqust tarixlərini əhatə edən mərhələsi Bakıda, 5-10 avqust tarixlərini əhatə edən mərhələsi isə Quba və Nabranda təşkil edilib.

Bakı mərhələsində iştirakçılar şəhərin mədəni-tarixi zənginliklərini kəşf ediblər. Layihə çərçivəsində Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Şirvanşahlar Sarayı, “Suraxanı” gəmi-muzeyi, Tusi-Bohm Planetarium, Hillside Wine Boutique, “Şərq” və “Yaşıl” bazar kimi məkanlara səfərlər təşkil olunub. Bu fəaliyyətlər iştirakçılara Azərbaycanın mədəni irsi və gündəlik həyat tərzi ilə yaxından tanış olmaq imkanı yaradıb.

Quba və Nabran mərhələsində isə iştirakçılar Azərbaycanın füsunkar təbiətində vaxt keçirməklə yanaşı, müxtəlif mədəni və sosial fəaliyyətlərdə iştirak ediblər. Proqram çərçivəsində Qırmızı qəsəbəyə və Quba Soyqırımı Memorial Kompleksinə də ziyarətlər təşkil olunub. Müxtəlif ölkələrdən olan gənclər arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi layihənin əsas məqsədlərindən biri kimi ön plana çıxıb.

Artıq dördüncü dəfədir keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi beynəlxalq dostluğun və mədəni mübadilənin inkişafına töhfə verməklə yanaşı, Azərbaycanı tanıtmaq və ölkənin gənclər üçün yaratdığı imkanları nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin builki mərhələsi də əvvəlki illərdə olduğu kimi, yüksək səviyyədə təşkil olunub, iştirakçılar üçün yaddaqalan təcrübə ilə başa çatıb.

Chosen
29
50
azertag.az

10Sources