ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Dünyanın ən böyük aktivlərinə (2 trilyon dollar) sahib olan Norveçin sərvət fondu “İsrailin işğal etdiyi ərazilərlə” bağlılığına görə daha altı şirkətdən investisiyalarını çıxaracağını elan edib.
Bizimyol.info xəbər verir ki, bu qərar fondun İsrail şirkətlərinə yatırımlarına dair fövqəladə yoxlamadan sonra verilib.
Hazırda şirkətlərin adları açıqlanmır — bu məlumat investisiyalardan tam çıxış başa çatdıqdan sonra paylaşılacaq. Eyni zamanda, fond hər bir çıxarılmanın əsaslandırmasını da təqdim edəcək.
Yoxlama ayın əvvəlində, fondun İsrail Müdafiə Ordusuna xidmət göstərən və döyüş təyyarələrinin texniki baxımını həyata keçirən bir aviasiya mühərrikləri istehsalçısı şirkətdə pay alması ilə bağlı xəbərlərdən sonra başladılıb.
Fondun fəaliyyətinə nəzarət edən Etika Şurası bildirib ki, İsrail şirkətlərinin etik standartlara uyğunluğunu hər rübdə qiymətləndirməyə davam edəcək. İnvestisiya portfelindən çıxarılmalar məhz bu qurumun tövsiyələri əsasında həyata keçirilir.
Qeyd edək ki, daha əvvəl fond 11 İsrail şirkətinin səhmlərini satmaq qərarı almışdı. Bundan əlavə, əvvəllər yatırımların idarə olunduğu İsrail maliyyə qurumları ilə müqavilələr də ləğv edilib və indi fond İsraildəki sərmayələrini birbaşa özü idarə edəcək. İyula qədər fondun 61 İsrail şirkətində payı olub. Bundan öncə portfeldən "Bezeq" və "Parz" kimi şirkətlər də çıxarılmışdı.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.