EN

Zaqatalanın sirlərlə dolu Honzoqor yaylağından REPORTAJ

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatala, 18 avqust, AZƏRTAC

Zaqatalanın bir neçə yaşayış məntəqəsi Böyük Qafqazın ucqar dağ ətəklərinə sığınıb. Rayonun yaylaqları da az deyil və onların əksəriyyəti dəniz səviyyəsindən ən azı 2 min metr, bəzən isə daha yüksəkdə yerləşir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə yaylaqlardan biri də Honzoqordur. Yerli sakinlər bura Zaqatalanın bənzəri olmayan, hələ də tam kəşf edilməmiş sirlərini qoruyan yaylaq deyirlər. Bu gün insanlar yaylaqdan müxtəlif məqsədlərlə səmərəli istifadə edirlər. Kimi mal-qara və qoyun-quzu saxlamaq üçün, kimi də istirahət üçün buraya üz tutur.

On illərdir Mazıx kəndinin sakinləri yay aylarında heyvanlarını Honzoqora aparırlar. Ənənə bu gün də davam edir, hətta daha rəngarəng və maraqlı şəkildə. Biz də dağ bələdçimiz İftixar Soltanovla birlikdə Honzoqor yaylağını kəşf etmək və sakinlərin həyat tərzi ilə tanış olmaq üçün yola çıxırıq.

Honzoqor Böyük Qafqazın cənub yamacında, inzibati baxımdan Zaqatala rayonunun ərazisində yerləşir. Yerli sakinlərin sözlərinə görə “Honzoqor” - “səfalı, şəfalı dağ yaylağı” deməkdir.

Bələdçimiz bildirir ki, yaylağa maşınla 1,5 saata, piyada isə təxminən 3 saata çatmaq olar. Sərt dağ yolları səbəbindən biz də çətinliklə irəliləyərək əlavə vaxt itiririk. Lakin bütün yorğunluğa dəyir. Yaşıllıqları, meşəlikləri aşdıqdan sonra qarşımızda geniş və möhtəşəm Honzoqor mənzərəsi açılır.

Sovet dövründə Honzoqor Mazıx kolxozunun heyvan yataqları olub. Sonrakı illərdə isə sakinlər ənənəni qoruyaraq fərdi təsərrüfatlarını inkişaf etdiriblər. Dəniz səviyyəsindən 2 mindən artıq yüksəklikdə yerləşən yaylaq dağlar, sıx meşələr və sıldırım qayalıqlarla əhatələnib. Hazırda burada 50-yə yaxın taxtadan tikilmiş müvəqqəti sığınacaq ev – “daxal” mövcuddur.

Bələdçinin sözlərinə görə, fermer təsərrüfatını böyüdən, qoyunçuluqla məşğul olanların sayı ildən-ilə artır. Bununla yanaşı, yaylaq istirahət məkanı kimi də dəyərləndirilir. Sakinlər ailələri ilə birlikdə yazın ilk günlərindən payızın sonuna qədər burada qalaraq həm heyvandarlıqla məşğul olur, həm də təmiz hava və şəfalı sudan faydalanırlar. Burada yalnız Mazıx kəndinin deyil, qonşu kəndlərin sakinlərinə də rast gəlmək mümkündür.

Yaylaqda dolaşarkən bizi hər kəs mehribanlıqla qarşılayır, “xoş gəldiniz” deyib çaya dəvət edir. İlk söhbət etdiyimiz Ramazan Bağırov bildirir ki, ailəsi nəsillər boyu burada maldarlıqla məşğuldur:“1990-cı ildən hər il iki ayımı burada keçirirəm. Ata-babamızdan qalan ənənədir. Havası, suyu çox şəfalıdır. Kənddə ayaq ağrılarımdan əziyyət çəkirdim, bura gələndə isə özümü yüngül hiss edirəm”.

Daha sonra qonşuluqda yaşayan Süleyman Amayevlə görüşürük. O, yaylağın tarixindən danışaraq mineral tərkibli bulaq suyunu göstərir: “Burada dincələn həkimlər deyirlər ki, Honzoqorda istirahət edirsinizsə, əlavə sanatoriyaya getməyə ehtiyac yoxdur. Mən öz xərcimlə su çəkdirmişəm, elə bil dərmandır”.

Yaylaqda ən çox diqqət çəkən isə uşaqlardır. Ucqar dağlıq bir yerdə bu qədər uşağın olması bizi təəccübləndirir. Sonradan öyrənirik ki, onların bir qismi ailələri ilə birlikdə rayonun müxtəlif kəndlərindən istirahətə gələnlərdir.

Sakinlərlə söhbətdən belə qənaətə gəlirik ki, keçmişdə olan coban yataqları əl gəzdirilərək daha yaxşı vəziyyətə gətirilib. Çobanlar çadırlarını taxta evlərlə əvəzləyərək şəraitlərini yaxşılaşdırıb, istirahətlərinə daha çox vaxt ayırırlar. Yaylağın yaşlı sakinləri deyir ki, bu isti, qızmar yay günlərində burada yaşamaq onlar üçün dünyanın ən gözəl istirahətidir. Çünki yaylağın havası, mineral suları onlara əsl müalicə effekti verir. Bu səbəbdəndir ki, yaşlı Mazıx sakinləri və onların digər kəndlərdə, ərazilərdə yaşayan qohum-əqrabası Honzoqora maraq göstərir, ən azı bir neçə günlüyə buraya istirahətə gəlirlər.

Axşam düşdüyündən və qarşıda dolanbac dağ yollarının bizi gözlədiyindən, mehriban insanlarla sağollaşıb Honzoqordan ayrılırıq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
21
azertag.az

10Sources