EN

Bakıda sərçələr yoxa çıxıb...


Flora Hacıyeva: “Binaların dam örtüyünün dəyişdirilməsi sərçələrin yuva qurmasına mane olur”

Sərçələr əsasən insanların yaşadığı ərazilərdə məskunlaşır. Demək olar ki, Bakının əsas quş faunasını sərçələr təşkil edir. Ancaq son zamanlar paytaxtda sərçələrin sayı azalıb. Bir vaxtlar hər məhəllədə, küçələrdə, park və bağlarda rahat şəkildə rast gəlinən bu kiçik quşlar son zamanlarpaytaxtdan uzaqlaşıb.

Maraqlıdır, Bakıda sərçələrin az görünməsinin səbəbi nə ilə bağlıdır?
“Sərçələrin sayının azalmasına təsir edən başlıca səbəblərdən biri şəhərdə yeni tikililərin sayının kifayət qədər çoxalmasıdır”

Ekoloq Flora Hacıyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sərçələrin sayının azalmasının səbəblərindən biri yuvalama yerlərinin sıradan çıxması, qidasının kəskin azalması, şəhər mühitinin ab-havasının dəyişməsidir: “Məlumat üçün deyim ki, bu quşlarda ürək döyüntülərinin sayı bir dəqiqədə insanla müqayisədə 10 dəfədən çoxdur. Havada uçarkən isə bu döyüntülərin sayı daha da artır. İri şəhərlərdə yüksək desibelli kəskin səslər bu quşların qan təzyiqinin qəfildən kəskin qalxmasına səbəb olmaqla məhvinə də gətirir.Dediyim kimi, sərçələrin sayının azalmasına təsir edən başlıca səbəblərdən biri şəhərdə yeni tikililərin sayının kifayət qədər çoxalmasıdır. Binaların dam örtüyünün dəyişdirilməsi sərçələrin yuva qurmasına mane olur. Əvvəllər sərçələr binaların çatılarında və damlarında yuva qururdularsa, artıq bu şəraitdən məhrum olublar. Həmçinin, qidalanma da quşların sayına təsir edir. Belə ki, pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkədə qeydə alınan 6 sərçə növündən biri olan dam sərçəsinə ən çox insan məskulaşan yerlərdə - kəndlərdə, şəhərlərdə və s. rast gəlinir. İnsan yaşayışı olmayan yerləri dam sərçələri də tərk edirlər: “Bakı şəhərində dam sərçəsinin sayı azalsa da, tez-tez rast gəlmək mümkündür. Onlar yay mövsümündə əsasən səhər və axşam saatlarında yaşıllığı çox olan, xüsusən kol tipli yaşıllıqlarda, tut, üzüm, əncir və s. ağaclar olan yerlərdə kiçik qruplar halında görünürlər”.

Günel CƏLİLOVA

Chosen
3
baki-xeber.com

1Sources