Müasir dövrdə hər bir xalqın öz kimliyini qoruyub saxlaması və gələcək nəsillərə ötürməsi üçün ən vacib məsələlərdən biri gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin möhkəmləndirilməsidir.
Milli kimlik yalnız tarix və mədəniyyətlə bağlı bilgilərdən ibarət deyil, eyni zamanda mənəvi dəyərlərə, dilə, adət-ənənələrə və dövlətçilik düşüncəsinə söykənir. Gənc nəslin düzgün istiqamətləndirilməsi həm cəmiyyətin gələcək inkişafı, həm də milli dövlətçilik ideyalarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Diaspor Gənclərinin VI Yay Düşərgəsi vətənpərvərlik hisslərinin tərbiyəsində müstəsna önəmə malikdir
Yuxarıda qeyd olunanlar fonunda müvafiq dövlət qurumları tərəfindən zəruri addımlar atılır. Bu günlərdə baş tutan,Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi qeyd edilənlərin real nümunələrindən biridir.
Xatırladaq ki, düşərgə avqustun 3-dən 9-dək Xankəndi şəhərində keçirilib.
Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılıb. Düşərgənin proqramı da olduqca zəngin olub.İştirakçılar dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alıblar, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşüblər, Qarabağla daha yaxından tanış olublar, Ana dili dərslərinə, əyləncəli proqramlara və intellektual oyunlara qatılmaq tədbirin əsas məqamları sırasında yer alıb.
Xankəndi şəhərindən böyük təəssüratla ayrılan düşərgə iştirakçıları ilk dəfə səfər etdikləri Qarabağda unudulmaz bir həftə keçirdiklərinə, dünya azərbaycanlı gəncləri ilə bir araya gəldiklərinə görə təşkilatçılara minnətdarlıqlarını bildirib, bu layihənin uzunömürlü olmasını arzulayıblar. Gənclər Qarabağın işğalı, müharibə və postmüharibə dövrü ilə bağlı müfəssəl məlumat almaq, işğaldan azad olunan ərazilərə həyatın yenidən qayıtdığını, regionda sülh və ədalətin bərpasını müşahidə etmək üçün düşərgənin böyük fürsət olduğunu dilə gətiriblər. Tədbirlə bağlı təssərüatlar da yükəsk olub. Məsələn, akademik Misir Mərdanov qeyd edib: “"Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak etmək 79 illik ömrümün ən yaddaqalan günlərindən biri oldu. Bu, Azərbaycan mədəniyyətini, həqiqətlərini dünyaya çatdırmaq istiqamətində çox ciddi görüş idi. Bu gün ABŞ, Fransa, Böyük Britaniya kimi ölkələrlə əlaqələri daha da yaxşı qurmaq üçün imkanlarımız çoxdur. Bu düşərgədə bir daha əmin oldum ki, xaricdə faydalı və savadlı yeni nəsil formalaşır”. Əməkdar incəsənət xadimi, Türkiyənin Çukurova Universitetinin professoru Cahangir Novruzov isə bildirib: "Gənclərin Azərbaycan dilini bilmə səviyyəsinin xeyli yüksəldiyini aydın şəkildə gördüm. Bu, mənim üçün böyük sevincdir. Diasporumuzun bu təşəbbüsünü ürəkdən alqışlayıram. Hətta anaları azərbaycanlı, ataları xarici vətəndaş olan uşaqlarımız belə, dilimizi gözəl danışırlar. Əminəm ki, xaricdə doğulan uşaqlarımız öz kimliyini və mənliyini qoruyaraq Azərbaycan mədəniyyətini və dilini yaşadacaq, onu dünyada yayacaqlar". Ümumiyyətlə, bu qəbildən olan rəylərin sayı yetrincə çoxdur. Qeyd edək ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir. Bu günə kimi Düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.
Gənclərin ideoloji cəhətdən zənginləşmələrinə xidmət edən tədbir…
O da faktdır ki, milli mənlik şüuru dedikdə gənclərin öz milli kimliyini dərk etməsi, xalqına mənsubiyyət hissi və tarixi köklərinə bağlılığı nəzərdə tutulur. Bu şüur formalaşmadıqda gənc öz kökünü, kimliyini itirə bilər. Ona görə də ailədə, məktəbdə və ictimai mühitdə gənclərə milli dəyərlərin aşılanması əsas vəzifələrdən biridir. Yuxarıda barəsində bəhs olunan Diaspor Gənclərinin Yay Düşərgəsi həm də buna xidmət edir.
Azərbaycan gənclərinin son illərdə Qarabağ uğrunda göstərdiyi qəhrəmanlıq, torpaqlarımızın azad edilməsi naminə canlarından keçməsi vətənpərvərlik tərbiyəsinin ən parlaq nümunəsidir. Bu qəhrəmanlıq nümunələrinin gənclərə çatdırılması, onların yaddaşında daim canlı saxlanılması gələcək nəsillərdə də vətən sevgisini gücləndirir. Diaspor Gənclərinin Yay Düşərgəsində gənclərin iştirakı bu məqama da hesablanıb. O da faktdır ki, bu aksiyanın dünyanın ayrı-ayrı ölkəsində yaşayan gənc soydaşlarımızın ideoloji cəhətdən zənginləşmələri üçün əvəzsiz xidmətdir. Dünya şöhrətli fotojurnalist Reza Deqati bu fonda qeyd edir: “Bu gəncləri görəndə elə bilirəm dünya ölkələri bir-biri ilə birləşib. Gənclər çox şeyləri ürəkdən öyrənmək istəyir, ürəkdən sual verirlər”. Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev isə qeyd edir: “Gənclər bu düşərgələrdə vətənə daha çox bağlanırlar, vətəni daha çox sevirlər. Əminəm ki, bu gənclər ölkəmizə faydalı nəsil olaraq yetişəcək. Diaspor Komitəsinin bu layihəsi çox faydalıdır. İnanıram ki, xaricdə güclü Azərbaycan diasporu formalaşır”. Faktdır ki, milli mənlik şüuru və vətənpərvərlik yalnız nəzəri biliklərlə məhdudlaşmamalıdır. Gənclər cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etməli, dövlətin inkişafına öz töhfəsini verməlidirlər. Könüllülük hərəkatlarında, sosial layihələrdə və beynəlxalq tədbirlərdə fəal iştirak edən gənclər həm öz milli kimliklərini nümayiş etdirir, həm də ölkələrinin dünyada tanınmasına kömək edirlər. Diaspor Gənclərinin Yay Düşərgəsi bu mənada da böyük önəm kəsb edir.Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin, cəmiyyətin və ailənin birgə səyləri nəticəsində mümkün ola bilər. Gənclər xalqın gələcəyidir və onların milli ruhda yetişməsi Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və inkişaf yolunun təminatçısıdır. Milli mənlik şüuru və vətənpərvərlik sadəcə tarixdə və keçmişdə qalmamalı, gündəlik həyatın bir hissəsinə çevrilməlidir. Yalnız bu halda gənclərimiz həm öz milli kimliyini qoruyacaq, həm də müasir dünyada Azərbaycanı ləyaqətlə təmsil edəcəklər. Diaspor Gənclərinin Yay Düşərgəsi kimi tədbirlərə bu fonda da zərurət yüksəkdir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.