İlham Şaban: "Türkmənistan və Qazaxıstan neftinin BTC kəmərinə vurulmasının bərpası istiqamətində işlər gedir, yaxın günlərdə Transxəzər neft daşımalarına start veriləcək"
"S&P Global Commodities at Sea"nin məlumatlarına istinadən xəbər verir ki, Qazaxıstan neft tədarükünü Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutundan müvəqqəti olaraq Rusiyanın cənubundan keçən Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) yönləndirib. Səbəb Aralıq dənizində ixrac sistemini pozan Azərbaycanın "Azeri Light" markalı neft partiyasının çirklənməsi olub.
Keyfiyyət problemi ilk dəfə iyulun 24-də BP tərəfindən müəyyən edilib. Şərait fors-major vəziyyətin tətbiqinə, bu isə nəticədə Qazaxıstan və Türkmənistandan BTC-yə neft tədarükünün dayandırılmasına səbəb olub. İyulun sonundan Transxəzər daşımaları tamamilə dayandırılıb və Qazaxıstan gündəlik 1,8 milyon barellik ixracatını CPC-yə yönəltmək məcburiyyətində qalıb.
Qazaxıstan əslində niyə BTC ilə neft nəqlini dayandırdı və Rusiyadan keçən kəmərə qoşuldu?
Qazaxıstanın BTC (Bakı-Tbilisi-Ceyhan) marşrutu ilə neft ixracını dayandırmasının əsas səbəbi siyasi seçim deyil, texniki və keyfiyyət problemi olub. Məsələnin detallarına varsaq görərik ki, iyulun 24-də BP “Azeri Light” markalı neftdə keyfiyyət pozuntusu aşkarlayıb. Bu çirklənmə BTC-nin Aralıq dənizi (Ceyhan terminalı) istiqamətindəki ixrac sistemini pozdu. Nəticədə beynəlxalq alıcılar həmin neft partiyalarını qəbul etmədi.
Buna görə BTC operatorları məcburən “force majeure” (fors-major) rejimi elan etdilər. Bu addım Qazaxıstan və Türkmənistandan BTC vasitəsilə daşınan neftin qəbulunu dayandırdı. İyulun sonundan Transxəzər tanker daşımaları tamamilə dayandırıldı.
Nəzərə almaq lazımdır ki, Qazaxıstan neftinin əsas ixrac marşrutu Xəzər Boru Kəməri Konsorsiumudur (CPC). CPC-nin Rusiya ərazisindən keçərək Qara dənizdəki Novorossiysk terminalına çıxışı var və gündəlik 1,8 milyon barel ötürmə gücü mövcuddur. BTC dayananda Qazaxıstan faktiki olaraq məcbur qalıb neftini CPC-yə yönləndirdi, çünki başqa böyük ixrac kanalı yox idi. Bu addım siyasi seçimdən daha çox logistik və təhlükəsizlik məcburiyyətidir. Qazaxıstan enerji ixracında balanslı siyasət aparır. Yəni həm BTC, həm də Rusiya üzərindən (CPC) çıxış imkanını qoruyur. BTC-nin müvəqqəti dayanması sadəcə Qazaxıstanı alternativ olaraq CPC-yə yönəlməyə vadar edib.
Yəni Qazaxıstan BTC-dən imtina etməyib, sadəcə, Azərbaycan neftində yaranan keyfiyyət problemi səbəbindən BTC-də ixracat dayandığına görə müvəqqəti olaraq Rusiyadan keçən CPC kəmərinə qayıdıb.
Qazaxıstanın BTC-dən müvəqqəti çıxıb CPC-yə yönəlməsinin risq və perspektivlərinə nəzər salsaq aydın olur ki, Qazaxıstan neftinin təxminən 80%-i CPC marşrutu ilə ixrac edilir. BTC isə Qazaxıstan üçün şaxələndirmə vasitəsi kimi - Rusiyadan tam asılı olmamaq üçün nəzərdə tutulub. BTC-nin dayanması fonunda Qazaxıstan yenidən Moskvanın nəzarət etdiyi marşruta qayıtmaq məcburiyyətində qaldı.
Rusiya istənilən vaxt CPC-ni texniki və ya “ekoloji” səbəblərlə bağlaya bilər. Məsələn, 2022-ci ildə Qazaxıstan hökuməti “Ukrayna məsələsində balanslı siyasət” yürütməyə çalışanda, Moskva CPC-də texniki təmir bəhanəsi ilə ixracı müvəqqəti məhdudlaşdırmışdı. Həmin vaxt Qazaxıstan neftinin ixracatı dayandırıldı və dövlətə milyonlarla ziyan dəydi.
BTC və Transxəzər marşrutu işləmədikdə Qazaxıstan faktiki olaraq vahid kanal – CPC-dən asılı qalır. Bu isə uzunmüddətli enerji təhlükəsizliyi üçün mənfi göstəricidir.
Azərbaycan tərəfi keyfiyyət problemini həll etdikdən sonra Qazaxıstan yenidən BTC-yə neft yükləməyə başlayacaq. Çünki Qazaxıstan hökuməti məqsədli şəkildə neft marşrutlarını diversifikasiya etmək siyasəti yürüdür. Qazaxıstan artıq 2023–2024-cü illərdə Xəzər üzərindən Azərbaycan vasitəsilə neft və neft məhsulları daşınmasını artırmaq planını açıqlamışdı. Bu marşrut həm Türkiyə, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır.
Yəni BTC Qazaxıstan üçün yalnız alternativ yox, həm də siyasi və iqtisadi körpü funksiyasını daşıyır.
Avropa İttifaqı Qazaxıstanı Rusiyadan asılı olmayan ixrac yolları qurmağa təşviq edir. BTC və gələcəkdə Transxəzər qaz kəməri Qazaxıstanın Qərbə inteqrasiyası üçün əsas logistik dayaqlardan biri olacaq.
Qazaxıstanın həm Rusiya (CPC), həm də Azərbaycan-Türkiyə (BTC) marşrutlarına çıxışının olması ölkəyə alternativ imkan yaradır. Neft marşrutlarının çoxluğu Qazaxıstanın geosiyasi manevr imkanlarını artırır.
Qazaxıstanın BTC-dən CPC-yə keçidi məcburi, müvəqqəti və texniki xarakterlidir. Lakin bu hal bir daha göstərdi ki, Astana üçün uzunmüddətli perspektivdə Rusiya marşrutuna alternativlər yaratmaq həyati vacibdir. BTC və Transxəzər dəhlizi bu baxımdan Qazaxıstanın enerji siyasətində əsas prioritet olaraq qalacaq.
Neft məsələlərı üzrə mütəxəssis İlham Şaban baki-xeber.con-un müxbiri ilə söhbəti zamanı bildirib ki, artıq Türkmənistan və Qazaxıstan neftinin BTC kəmərinə vurulmasının bərpası istiqamətində işlər gedir, yaxın günlərdə Transxəzər neft daşımalarına start veriləcək.
Akif NƏSİRLİ