EN

İlin birinci yarısında ölkə üzrə 49 min yeni iş yeri açılıb

Azərbaycanda  əhalinin məşğulluğunun təmin edilməsi gündəmdən düşməyən,  daim prioritetlər sırasında   olan məsələdir. Bu, Prezident  İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən  sosial islahatların ayrılmaz hissəsini təşkil edir.  20 ildən çoxdur ki, regionların tarazlı inkişafı bölgələrdə çoxsaylı və müxtəliftəyinatlı müəssisələrin açılmasına imkan verib. Bu da istər rayon mərkəzlərində, istərsə də kəndlərdə yaşayan insanların öz məşğulluq problemini həll etməsi ilə nəticələnib.  2004-cü ildə  regionların sosial-iqtisadi inkişafına yönəldilən  I Dövlət Proqramının icrasına start veriləndən üzübəri bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Qeyri-neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə   yerinə yetirilməsinə, istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına zəmin yaradır.

Statistik rəqəmlərə müraciət edək. Bu il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 355,4 min nəfər olub, onlardan 5 milyon 74,2 min nəfərini məşğul əhali təşkil edib. İyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 770,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 864,2 min nəfər, qeyri-dövlət sektorunda isə 906,6 min nəfər olub. İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 739,6 min nəfər çalışıb.

Təkcə cari  ilin  altı ayı ərzində ölkədə 48,9 min yeni iş yeri  açılıb. Bunların böyük bir hissəsi yeni yaradılan müəssisələri əhatə edir. Yeni müəssisələrin də bir çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında açılıb. Məsələn, işğaldan azad olunmuş ərazilərimizdə bu ilin əvvəlindən neçə-neçə yeni müəssisə və digər qurum fəaliyyətə başlayıb ki, bunların əksəriyyətinin açılışında Prezident İlham Əliyev iştirak edib. Belə ki, Ağdam rayonunda Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksi, Sarıcalı və Kəngərli kəndlərinin hərəsinin birinci mərhələsi, Kəngərlidə tam orta məktəb, körpələr evi-uşaq bağçası, Dəmir Yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi istifadəyə verilib. Bu sıraya Ağdərə rayonunda məscid, Xocalı rayonunda "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, heyvandarlıq kompleksi, Laçında tikiş və ayaqqabı fabrikləri, Şuşada Daşaltı kənd məscidi, müalicə-sağlamlıq mərkəzi, eləcə də digər müəssisə və sosial obyektlər daxildir. Bütün bunlar isə yurd-yuvasına dönən yüzlərlə keçmiş məcburi köçkünün işlə təmin olunması deməkdir. Məsələn, təkcə keçən ilin sonunda fəaliyyətə başlayan Xankəndi tikiş fabrikində hazırda 300 nəfərdən çox işçi çalışır. Gələcəkdə burada 800 nəfərin işləyəcəyi nəzərdə tutulur. 

Lakin yeni müəssisələr yalnız işğaldan azad olunmuş ərazilərimizi deyil, digər şəhər və kəndlərimizi də əhatə edir. Bu il iyunun 24-də dövlətimizin başçısının iştirakı ilə Mingəçevirdə açılan "8 Noyabr" Elektrik Stansiyasının tikinti-quraşdırma işlərində 2500-dən çox yerli və xarici mütəxəssis çalışıb. Stansiya fəaliyyətə başlayandan sonra da burada onlarla yerli sakin daimi iş yeri ilə təmin olunub.

Bu il Prezident İlham Əliyevin Sumqayıtda açılışını etdiyi tikinti kimyəvilərinin istehsalı zavodunun 100 nəfərdən çox işçisi var. Növbəti mərhələdə onların sayı 250-yə çatacaq. Sumqayıtda təzə açılan yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunda da 100 nəfərədək işçi çalışır. Onların sayı isə növbəti mərhələdə 150 nəfər olacaq.

Bu il dövlət başçısının İsmayıllı rayonuna səfəri çərçivəsində açılan "Coca-cola" istehsalı müəssisəsinin də 100-dən çox işçisi var. Bu siyahını əlbəttə uzatmaq da mümkündür. Fikrimizi Dövlət Statistika Komitəsinin cari ilin birinci yarısında açılan yeni iş yerlərinə aid açıqladığı rəqəmlərlə tamamlayaq.

Bu dövrdə yaradılmış iş yerlərinin 92,1 faizi qeyri-dövlət sektorundadır.  Yeni açılmış iş yerlərinin 74,7 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 24,2 faizi digər regionların, o cümlədən 8,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,3 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Qarabağ, 1,4 faizi Lənkəran-Astara, 1,1 faizi Mərkəzi Aran, 1,1 faizi Şərqi Zəngəzur, 1 faizi Şirvan-Salyan, 0,8 faizi Qazax-Tovuz, 0,5 faizi Dağlıq Şirvan və 0,5 faizi Mil-Muğan iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 1,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 25,6 faizi tikinti, 18 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi emal sənayesi, 7,8 faizi peşə, elmi və texniki fəaliyyət, 7,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,8 faizi informasiya və rabitə, 2,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,5 faizi təhsil, 9,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2025-ci ilin birinci yarımili ərzində ölkədə 4,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 53,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 24,2 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 75,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Əlavə edək ki, əhalinin işlə təmin olunması sahəsində özünüməşğulluq da özünə geniş yer alır. Özünüməşğulluq  vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa təkan verir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də ictimai iş yerlərinin yaradılmasıdır. Prezidentin tapşırığı ilə bu proqramların icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir.

Flora SADIQLI,

"Azərbaycan"

Chosen
58
1
azerbaijan-news.az

10Sources