EN

İsrailli “Qarabağ”dan danışdı: “Şansımı tez əldə etdim”

"Hər kəs bu iki qarşılaşmaya hazırdır.

Nə psixoloji, nə də fiziki yorğunluqdan əsər-əlamət var. Əksinə, hər kəs bu mərhələdə iştirak edə bildiyinə görə xoşbəxtdir".

Sportinfo.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsininin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Ferensvaroş"un (Macarıstan) futbolçusu Qavriel Kanikovski deyib.

Yayda Təl-Əviv "Makkabi"sindən "Ferensvaroş"a qoşulan israilli futbolçu komandaya tez uyğunlaşdığını bildirib:

"Yeni oyunçu kimi heç kimə asan olmur, amma Robbi Kin və heyət mənə uyğunlaşmaqda çox kömək etdi, şansımı tez əldə etdim. Burada olmaq heyrətamizdir,

Əvvəlki komandamda fərqli sistemdə və bir az geridə oynayırdım. Amma vəzifə eynidir, komandaya qol vurmağa kömək etmək".

Q.Kanikovski 2022-ci ildə "Ferensvaroş"la "Qarabağ" arasında keçirilən görüşdən sonra hər iki komandada çox dəyişiklik olduğunu da vurğulayıb:

"Bu oyun hər kəsi çox həyəcanlandırır. 2022-ci ildə "Ferensvaroş" bu rəqiblə qarşılaşıb.

Amma həm “Qarabağ”ın, həm də bizim komandanın heyəti 2022-ci ildəki dueldən fərqlidir. Əsas odur ki, öz oyunumuzu oynayaq".

Avqustun 19-da keçiriləcək "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.

Chosen
8
sportinfo.az

1Sources