EN

Bir ekosistem “Ai4 2025” beynəlxalq konfransında təmsil olunub

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Şimali Amerikanın ən böyük süni intellekt sənaye tədbiri olan “Ai4 2025” konfransında təmsil olunub.

Tədbirdə ekosistemi "PAŞA Holdinq" MMC-nin Baş data inzibatçısı Valeh Nəbiyev, Bir Ekosistemin İnkişafı Departamentinin rəhbəri Mehdi Aslanov, eyni zamanda bankın Data menecment ofisinin lideri Seymur Şabanlı və Bir Ekosistem Analitikası Departamentinin rəhbəri Şəhriyar Məmmədlidən ibarət nümayəndə heyəti təmsil edib.

2018-ci ildən keçirilən konfrans bu il Las Veqas şəhərində baş tutub. 85 ölkədən 8 mindən çox iştirakçının qatıldığı tədbir “Süni intellektin biznesdə tətbiqləri, etik tərəfləri və gələcək inkişaf perspektivləri” mövzusuna həsr olunub. Proqram çərçivəsində məlumatların idarə olunması, həmçinin təhsil, maliyyə, səhiyyə və dövlət sektorunda süni intellektin istifadəsi ilə bağlı müzakirələr aparılıb.

Konfransda “Süni intellekt dövründə məlumatların idarə olunması” mövzusunda çıxış edən Valeh Nəbiyev Bir ekosistemin bu istiqamətdə yanaşması və təcrübəsi barədə məlumat verib: “Bir ekosistemi süni intellektin tətbiqi sahəsində unikal təcrübəyə sahibdir. Bunun üçün bizim strategiyamız, peşəkar komandamız var. Ekosistem özündə böyük təcrübəyə malik ölkənin qabaqcıl şirkətlərini əhatə edir. Hazırda bizim fəaliyyətimiz ayrı-ayrı layihələrlə yanaşı miqyaslana bilən AI transformasiyasına yönəlib. Strategiyamız rəhbər heyətdən başalayaraq vizion və vahid qaydaları, həmçinin komandaların çevik innovasiyasını özündə birləşdirir. Biz məlumatların idarə olunmasını risklərə nəzarət aləti kimi deyil, süni intellektin sürətlə və etibarlı tətbiqi üçün əsas körpü kimi görürük. Bu yanaşma ekosistemdə AI layihələrinin – müştəri xidmətlərinin avtomatlaşdırılmasından əməliyyat səmərəliliyinin artırılmasına qədər – davamlı və təhlükəsiz inkişafını təmin edir”.

Süni intellekt sahəsində dünyanın nüfuzlu tədbirlərindən biri olan konfrans, həmçinin ekosistemin nümayəndə heyətinə beynəlxalq istiqamətdə yeni tanışlıqlar, təcrübə mübadiləsi və əməkdaşlıq imkanları da qazandırıb.

Bir ekosistem ölkənin aparıcı brendləri olan "Birbank", "Birmarket", "m10" və "MilliÖn" brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem "Trendyol Azərbaycan" və "BakıKart" kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində, ictimai nəqliyyatda QR ödənişlərdən, "Birmarket"də Birbank vasitəsilə kreditli alış-verişdən, "Trendyol Azərbaycan"da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin 4 əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Chosen
13
27
report.az

10Sources