EN

Səudiyyəli turistlərin qalmaqalı: Azərbaycana nə qədər ərəb gəlib? - STATİSTİKA

Azərbaycanda ərəb turistlərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Səbəb isə Səudiyyə Ərəbistanından gələn üç nəfərin Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkməsi olub. Onların hərəkəti ictimaiyyətin haqlı narazılığına səbəb olub, artıq onlar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hadisə fonunda sosial şəbəkələrdə müxtəlif mövqelər ortaya çıxıb. Bəzi istifadəçilər ərəb turistlərin davranışını kəskin tənqid edərək ümumiləşdirmələr aparıblar. Digərləri isə üç nəfərin hərəkətinə görə bütün ərəb ölkələrindən gələn insanlara qarşı nifrət və ittihamların doğru olmadığını bildiriblər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk 6 ayında Azərbaycana ən çox ərəb turisti Səudiyyə Ərəbistanından gəlib. Bu müddətdə ölkəmizi 38 963 səudiyyəli ziyarət edib.

Digər ərəb ölkələrindən gələnlərin sayı isə belədir:

Birləşmiş Ərəb Əmirlikləri – 21 499 nəfər

Küveyt – 12 284 nəfər

Oman – 8 272 nəfər

Misir – 3 719 nəfər

İordaniya – 3 342 nəfər

İraq – 2 268 nəfər

Bəhreyn – 2 016 nəfər

Yəmən – 1 347 nəfər

Qətər – 1 228 nəfər

Suriya – 171 nəfər

Ümumilikdə, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin il ərzində ümumi sayı isə yüz minlərlə olur. Məsələn təkcə ötən il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana 98 113 nəfər gəlib. Bu göstərici ərəb ölkələrinin Azərbaycan üçün turizm bazarında əhəmiyyətli rol oynadığını göstərir.

Ekspertlər bildirirlər ki, turizmdə belə hadisələr istisna deyil və hər bir ölkənin vətəndaşları arasında qaydaları pozan şəxslər ola bilər. Bu baxımdan konkret şəxslərin davranışına görə bütün xalqa qarşı nifrət formalaşdırmaq düzgün deyil. Digər tərəfdən, ictimai yerlərdə davranış qaydalarına riayət olunmasının vacibliyi, eləcə də turizm sektorunda etik maarifləndirmənin gücləndirilməsi məsələsi aktuallaşıb.

Dövlət Turizm Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, qurum tərəfindən mütəmadi olaraq maarifləndirici təlim və görüşlərdə turizm şirkətləri və turizm bələdçilərinə ölkəyə gələn xarici vətəndaşlarına turistik məlumatlarla yanaşı, ölkə haqqında vacib məqamlar, o cümlədən milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında da ətraflı informasiya vermək tövsiyə olunur./modern.az

Chosen
3
5
turkustan.az

6Sources