EN

Qalib Rəhimli: Laçın – Zəfərdən Doğan Dirçəliş



Azərbaycan tarixində elə torpaqlar var ki, onların hər daşı, hər qayası, hər bulağı bir dastan danışır. Laçın da belə məkanlardandır – həm qəhrəmanlıq, həm də həsrət və nəhayət, zəfərlə sonuclanan qayıdış dastanı. Tarixi yaddaşda əbədi olan Laçın Azərbaycanın ən strateji ərazisidir. Laçın Qarabağın ən qədim yaşayış məkanlarından biridir. Qədim türk yurdu olan bu torpaqlarda Eneolit və Tunc dövrlərinə aid arxeoloji abidələr tapılmış, tarix boyu müxtəlif sivilizasiyaların izləri burada özünü göstərmişdir. Laçının adı Azərbaycan ədəbiyyatında da tez-tez çəkilir – onun dağları, çəmənləri, sıldırımlı yolları xalq yaradıcılığında “cənnət məkanı” kimi təsvir olunub. 1923-cü ildə Laçın rayonu inzibati vahid kimi təşkil edilib və strateji mövqeyinə görə Qarabağı Naxçıvanla, eləcə də Türkiyə ilə birləşdirən qapı rolunu oynayıb. Məhz bu mövqeyinə görə Laçın hər zaman düşmənin diqqət mərkəzində olub.
1992-ci ilin mayında Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. O vaxtdan etibarən on minlərlə laçınlı doğma torpaqlarından didərgin düşdü. Azərbaycanın xəritəsində Laçın dağıdılmış evlər, yandırılmış kəndlər, talan edilmiş təbiət abidələri. Ilə boş bir izə çevrildi. Bu işğal yalnız bir rayonun deyil, həm də bütün Azərbaycan xalqının ürəyində sağalmaz yara oldu. Laçının işğalı ilə Azərbaycan Naxçıvanla quru əlaqəsini itirdi, geosiyasi baxımdan təcrid olundu.

2020-ci ilin payızında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Laçın rayonu da bu zəfərin nəticəsi olaraq Ermənistanın işğalından azad edildi. Laçının azad olunması Azərbaycan üçün strateji, siyasi və mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev bu barədə deyirdi: “Laçın bizim üçün sadəcə bir rayon deyil, milli qürurumuzun, dövlətimizin bütövlüyünün simvoludur.” Bu gün Laçın yeni həyat yaşayır. Dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Laçın sürətlə bərpa olunur. Qısa müddətdə infrastruktur layihələri – yollar, körpülər, elektrik xətləri, su mənbələri bərpa edilib. 2022-ci ilin avqustunda Laçına ilk köç karvanı yola salındı. Dövlətin dəstəyi ilə laçınlılar doğma torpaqlarına qayıtmağa başladılar. Bu, yalnız fiziki qayıdış deyil, həm də mənəvi dirçəlişdir.

Yeni Laçın şəhəri müasir memarlıq üslubunda salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi diqqət və nəzarəti nəticəsində Laçın bir daha bölgənin incisinə çevrilir. Laçının strateji və siyasi əhəmiyyətinə gəldikdə isə deməliyəm ki, Laçın Zəngəzur dəhlizinin əsas qovşaqlarından biridir. Buradan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat xəttinə birbaşa çıxış mümkündür. Azərbaycanın enerji və logistika siyasətində Laçının bərpası mühüm rol oynayır. Eyni zamanda, Laçın Qarabağda sülhün və sabitliyin təmin edilməsində açar mövqeyə malikdir. Bu torpaqlar artıq yalnız Azərbaycan əsgərinin ayaq səslərini, azad insanların nəfəsini eşidir.

Son olaraq deyim ki, artıq Laçın azadlığına qovuşub, həsrət illəri tarixə çevrilib. Bu gün Laçın yalnız bir rayon deyil, həm də bütöv Azərbaycanın iradəsinin, dövlətçiliyinin, milli qürurunun simvoludur. Beləcə yeni bir tarix yazıldı. Zəfərlə, qürurla və qürurla dolu əbədi bir tarix.

Şəhər günün mübarək qədim və qayım diyar, gözəl Laçın!



Chosen
4
aia.az

1Sources