30 iyun 2025-ci il tarixinə Kapital Bankın faiz xərcləri 184 milyon 907 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 92 milyon 278 min manat və ya təxminən 2 dəfə artım deməkdir.
Faiz xərclərinin əsas hissəsini, yəni 135 milyon 657 min manatını depozitlər üzrə faizlər təşkil edib. Bu istiqamətdə xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 71 milyon 444 min manat və ya 2,1 dəfə artıb.
Ən kəskin artım Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərclərində qeydə alınıb. Belə ki, xərclər 666 min manatdan 7 milyon 352 min manata yüksələrək 11 dəfədən çox artıb. Həmçinin, ötən il qiymətli kağızlar üzrə faiz xərci olmayan bank, bu il həmin istiqamətə 15 milyon 403 min manat xərc çəkib. Digər faiz xərcləri isə 2,5 dəfə artaraq 5 milyon 314 min manatdan 13 milyon 178 min manata çatıb.
Bununla yanaşı, cəlb edilmiş kreditlərə və depozitlərə görə ödənilən faizlər 13 milyon 317 min manata bərabər olub.
Xatırladaq ki, 30 iyun 2024-cü il tarixində bankın ümumi faiz xərcləri 92 milyon 629 min manat təşkil etmişdi.