EN

Saxta psixoloqlar kimlərdir? - Ekspertdən xəbərdarlıq

Bu gün ölkəmizdə psixoloqların sayı durmadan artır. Təəssüf ki, bu sahəni həqiqətən bilənlər olduğu kimi, bilməyənlər də özlərini psixoloq kimi təqdim edirlər.  Bəs, Teta Healing", "numerologiya", "koçinq", "NLP master" kimi fəaliyyətlər psixologiyaya aid edilə bilərmi? Bunlar elmi psixologiyanın bir hissəsi hesab olunurmu, yoxsa ayrı bir sahədir? İnsanların psixoloji problemlərinin həllində kimə müraciət etməli olduğunu necə ayırd etmək olar?
 
Moderator.az-a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq  Elnur Rüstəmov bildirib ki, ölkəmizdə həm psixologiyaya maraq, həm də psixoloqların sayı sürətlə artır.
 
Psixoloqun sözlərinə görə,  sahəyə də böyük maraq var. Bu, bir tərəfdən sevindirici haldır, çünki psixoloji xidmətə ehtiyac getdikcə artır:
 
 “Digər tərəfdən isə təəssüf ki, bu sahəni elmi əsaslarla bilən, universitet təhsili görmüş peşəkar psixoloqlarla yanaşı, heç bir elmi hazırlığı olmayan şəxslər də özlərini “psixoloq” kimi təqdim edirlər. Bu, həm insanların psixoloji problemlərinin düzgün həllinə mane olur, həm də cəmiyyətdə psixologiyanın nüfuzuna zərbə vurur.
Son dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərən “tetahealing”, “numerologiya”, “koçinq”, “NLP master” və bu kimi istiqamətlər psixologiyanın elmi sahəsinə aid deyil. Bunların bir çoxu ya mistik inanclara, ya da şəxsi təcrübəyə əsaslanan yanaşmalardır. Onların bəziləri motivasiyaedici və ya şəxsi inkişaf xarakteri daşıya bilər, amma elmi psixologiyanın bir hissəsi hesab olunmur. Psixologiya ciddi elmi baza, uzunmüddətli akademik hazırlıq, empirik tədqiqatlar və beynəlxalq qəbul olunmuş metodologiyalar üzərində qurulmuş bir sahədir”.
 
Psixoloq qeyd edib ki, psixoloji problemlərin həllində kimə müraciət etməyi müəyyənləşdirmək üçün insanlar ilk növbədə psixoloqun təhsilinə, ali təhsili sertifikatların etibarlılığına diqqət etməlidirlər:
 
“Eyni zamanda psixoloqun hansı sahədə (kliniki psixologiya, uşaq psixologiyası, ailə psixologiyası və s.) ixtisaslaşdığı da önəmlidir. Həmin mütəxəssisin hansı elmi və praktik fəaliyyətlə məşğul olduğu, universitet, institut və ya rəsmi mərkəzlərlə əməkdaşlığı əhəmiyyətlidir. Elmi psixologiya insan həyatında son dərəcə həssas və məsuliyyətli bir sahədir. Ona görə də insanlar psixoloji yardım axtararkən qeyri-elmi metodlardan çox peşəkar psixoloqlara müraciət etməlidirlər. Elmi əsaslı psixoloji xidmət həm beynəlxalq standartlara uyğun olur, həm də insanlara real kömək göstərir”.
 
Mehin Mehmanqızı
 
Chosen
6
moderator.az

1Sources