EN

Liftlərin işləməməsindən şikayətçi olan sakinlər: "Əzab və əziyyət maşınıdır"

Bakının Nərimanov rayonu, F.Xoyski küçəsi, 110 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri binalarındakı liftlərin işləməməsindən narazılıq edirlər.
 
Moderator.az xəbər verir ki, Oxu.az-a daxil olan şikayətdə bildirilib ki, sözügedən ünvandakı 3-cü blokun lifti çox vaxt istifadəyə yararsız vəziyyətdə olur. Bu vəziyyət, xüsusilə yuxarı mərtəbələrdə yaşayan insanlar üçün ciddi əziyyət yaradır.
 
"Liftimiz, demək olar ki, ay ərzində 20 gün işləmir. Hər dəfə Bakı "Lifttəmir" İstehsalat Birliyinə müraciət edirik, amma nə bizi dinləyirlər, nə də məsələ ilə maraqlanırlar. Üstəlik çox kobud danışırlar. 9-cu mərtəbədə yaşayırıq. Lift işləməyəndə halımızı təsəvvür edin. Sanki lift deyil, əziyyət maşınıdır. Liftin içində işıqların normal işləməsinə, təmizliyinə özümüz baxırıq, digər məsələlər isə bizim edə biləcəyimiz işlər deyil", - deyə şikayətdə bildirilib.
 
 
Məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Bakı "Lifttəmir" İstehsalat Birliyinin inspektoru Hafiz Məmmədov isə sakinlərin iddialarını qismən təkzib edib. O bildirib ki, son günlərdə həmin binada liftlə bağlı hər hansı problem qeydə alınmayıb.
 
"Ümumilikdə, bəli, problemlər olur. Amma bu, əsasən sakinlərin liftlərdən düzgün istifadə etməməsi ilə bağlıdır. Məsələn, liftin düymələrini alışqanla yandırırlar. Sonra isə deyirlər ki, düymələr işləmir, dəyişin. Yaxud da başqa mərtəbəyə aid düyməni söküb onların yerinə qoymağımızı istəyirlər. Bundan başqa, liftə nəzərdə tutulan çəkidən artıq yük yerləşdirirlər. Bu da mexanizmin sıradan çıxmasına səbəb olur. Ev təmir edənlər qum, daş və digər ağır materialları liftlə daşıyırlar. Bu zaman həm qapılar tam qapanmadığı üçün problem yaranır, həm də liftin mühərriki yüklənir və sıradan çıxır.
 
Bu tip nasazılıqların aradan qaldırılması üçün bəzən detalları sifariş etməyə ehtiyac yaranır ki, bu da vaxt tələb edir. Sakinlər liftdən təlimata uyğun istifadə etsələr, təbii ki, belə problemlərlə çox nadir hallarda rastlaşa bilərik. Hər halda əlimizdən gələni etməyə çalışırıq", - deyə H.Məmmədov bildirib.
 
Sakinlərin müraciətlərinə məhəl qoyulmaması və kobud cavab verilməsi iddiasına gəlincə isə, inspektor bu fikirləri qəti şəkildə təkzib edib:
 
"Qətiyyən belə bir hal olmayıb. Hər bir sakini dinləyirik və yaranan problemləri izah etməyə çalışırıq. Bəzən sakinlər öz məsuliyyətsizliklərini etiraf etmək istəmirlər və haqsız olduqları halda da mübahisəyə girirlər".
Chosen
7
1
moderator.az

2Sources