EN

Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə

Bakı məhkəmələrinin birində film ssenarisini xatırladan cinayət işi araşdırılıb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, real hekayənin qəhrəmanları keçmiş nişanlılardır.

Onların instaqramda başlayıb nişan mərasimində dramatik sonluqla bitən münasibəti sonda cinayətə çevrilib. Münasibətlərin pozulma səbəbi isə yeni qohumların nişan mərasimi xərclərinin birlikdə ödənilməsinə razılaşmamaları olub.

23 yaşlı Elnurla 19 yaşlı Səbinə (bütün adlar şərti) arasında aşağıbüdcəli restoranların birində nişan mərasimi keçirilib. Məclisin sonunda məkan sahibi nişan tədbiri üçün ümumilikdə 1570 manat ödənilməli olduğu barədə cütlüyün valideynlərini məlumatlandırıb. Oğlanın anası hesabın yarı-yarıya ödənilməsini təklif etsə də, qızın anası razılaşmayıb. O israr edib ki, bütün xərci oğlan evi ödəməlidir.

Bu məsələ valideynlər arasında böyük mübahisə yaradıb. İş o yerə gəlib çıxıb ki, cütlük elə restoranda münasibətlərini pozub, nişan üzüklərini qaytarıblar. Qızın anası polisə şikayət edəndən sonra oğlan tərəf hesabı bağlayıb.

Həmin gecə nişan pozulsa da, Elnur qızın və anasının hərəkətlərini, ən əsası isə 1570 manatı tək ödəmələrini qarşı tərəfə bağışlamayıb. O, hadisədən iki gün sonra keçmiş nişanlısına zəng edərək restoran üçün verdiyi pulu geri qaytarmasa, şəkillərini yayacağı ilə hədələyib. Belə olan halda qohum-əqraba arasında biabır olacağını düşünən qız keçmiş nişanlısının tələb etdiyi 1570 manatı ona verib.

Səbinənin anası çox keçməmiş bu məsələdən xəbər tutub, dərhal polisə müraciət edib. Araşdırma nəticəsində Elnur cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin sonuna kimi nəzarət şərti ilə azadlıqda qalmasına qərar verilib.

Məhkəmədə Səbinə baş verənləri danışıb və keçmiş nişanlısının onu şantaj edərək pul aldığını təsdiqləyib.

Elnur özü də ittihamı qəbul edib. İfadəsində işi bu yerə gətirib çıxaran anlaşmadan da danışıb: “Əslində nişan xərcləri qız tərəfdən qarşılanmalıdır. Amma Səbinənin ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Buna görə razılaşdıq ki, qız evinin qohumlarının nişan xərclərini qız tərəfi, oğlan evinin qohumlarının nişan xərclərini də oğlan tərəfi ödəsin. Amma nişan günü Səbinənin anası bu şərti pozdu. Bütün hesabı bizə ödətdirdi. 1570 manatdan əlavə, nişan üçün əlavə 2 min manat xərcləmişəm. Bütün bunlara baxmayaraq, etdiyim əməldən peşmanam. Səbinəni şantaj etməməli idim”.

Verilmiş ittiham şahid ifadələri və digər sübutlarla da təsdiqini tapıb. Hökmə əsasən, Elnur hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib. Bu vaxta qədər azadlıqda olan müttəhim məhkəmə zalında həbs edilib.


Chosen
66
24
news24.az

10Sources