EN

Ruben Vardanyanın məhkəməsi zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 19-da davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman məhkəməyə müraciət edərək işə baxan hakimlər kollegiyasına etirazını bildirib.

R.Vardanyan etirazı müdafiə edib.

Zeynal Ağayev bildirib ki, müdafiə tərəfi dəfələrlə eyniməzmunlu etirazlar təqdim edib və hazırkı etirazda da hər hansı yeni xüsusat göstərilməyib. Qeyd olunanlara əsasən, etiraz müzakirəyə çıxarılmayıb.

Bundan sonra Avraam Berman müdafiə etdiyi şəxslə konfidensial görüş verilməsini xahiş edib. Hakim vəsatəti təmin edib və məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmədə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Amin Həsənovun hüququ varisi - atası İlqar Həsənov ifadəsində övladının Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Ucal Babaşovun hüquqi varisi – atası Nərbala Babaşov övladının Xocavənddə qarşı tərəfdən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Zərərçəkmiş şəxs Hüseyn Nəsibovun hüquqi varisi – atası Əfqan Nəsibov ifadəsində övladının Şuşa-Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində həyatını itirdiyini söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Nəcməddin Quliyevin hüquqi varisi – atası Natiq Quliyev övladının Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu qeyd edib.

Ramazan Hüseynzadənin hüquqi varisi – atası Həmdulla Hüseynov ifadəsində övladının Xocalıda düşmənin açdığı atəş nəticəsində həlak olduğunu deyib.

Ramil Quliyev Kəlbəcərdə düşmənin atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını vurğulayıb. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, həmin vaxt yaxınlığındakı iki nəfər həlak olub.

Elnur Həsənov Tərtər rayonunun Həsənqaya kəndində qoyun otararkən düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.

Bərzani Atayev ifadəsində Ağdərədə yaralıları təxliyə edən zaman Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını xatırlayıb.

İsgəndər Hüseynov ifadəsində düşmənin açdığı artilleriya atəşi nəticəsində yaralandığını qeyd edib. Hadisə zamanı Samir Kərimov və Əli Heydərov da yaralanıb.

Halay Tahirli ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış qumbaranın yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını deyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran H.Tahirli diqqətə çatdırıb ki, həmin vaxt Kənan Nəsibov həlak olub, Eltəkin Həsənov isə müxtəlif növ bədən xəsarətləri alıblar.

Elgün İsmayıllı Xocalı rayonunun Xanabad kəndində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını söyləyib. Hadisə zamanı onunla yanaşı, Xalid Əlifov və Babək Əhmədli də yaralanıb.

Xalid Əlifov ifadəsində Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətə çatdırıb ki, hadisə zamanı Əhliyar Muradov və Elgün İsmayıllı yaralanıb, Davud Qiyaslı isə həlak olub.

Chosen
1
50
aznews.az

10Sources