Azərbaycanda kirayə mənzil bazarında ən çox müzakirə olunan məsələlərdən biri də rəsmi müqavilələrin bağlanmamasıdır. Bir çox kirayə verən şəxslər bu sənəddən yayınaraq nə hüquqi münasibətləri rəsmiləşdirir, nə də dövlət büdcəsinə vergi ödəyirlər. Belə olduğu halda münasibətlər necə tənzimlənməlidir? Ümumiyyətlə, kirayə müqaviləsi niyə vacibdir?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov qeyd edib ki, mənzillərini kirayəyə verən fiziki şəxslərin müəyyən hissəsi rəsmi müqavilə bağlamaqdan yayınır:
"Bu hal ilk növbədə kirayə münasibətlərinin hüquqi əsaslarının zəifləməsinə, digər tərəfdən isə dövlət büdcəsinə nəzərdə tutulan vergi ödənişlərinin həyata keçirilməməsinə səbəb olur".
Onun sözlərinə görə, rəsmi kirayə müqavilələrinin mövcudluğuna nəzarət mexanizmləri kifayət qədər mürəkkəbdir. Deputat hazırda kirayəyə verilən mənzillərin çox olduğunu, hər bir müqavilənin yoxlanılmasının inzibati baxımdan çətinliklər yaratdığını vurğulayıb.
V.Bayramovun fikrincə, rəsmi müqavilə yalnız vergi öhdəliklərinin icrası deyil, həm də hüquqi məsuliyyətin dəqiq müəyyənləşdirilməsi baxımından vacibdir:
"Müqavilənin mövcudluğu mənzil sahibləri ilə kirayəçilər arasında öhdəlik və cavabdehliklərin normativ çərçivədə tənzimlənməsinə xidmət edir, eyni zamanda hüquqi münasibətlərin sabitliyini artırır".
Hüquqşunas Ramil Əfəndi isə bildirib ki, vətəndaşlar kirayə verən və kirayəçi arasında bütün mülki münasibətlərin yalnız müqavilə əsasında tənzimləndiyini bilməlidirlər:
"Bu baxımdan kirayə münasibətləri də istisna təşkil etmir və həm kirayə verən, həm də kirayəçi müqavilə əsasında müəyyən edilən hüquq və öhdəliklərə malik olur".
Hüquqşünasın sözlərinə görə, kirayə haqqından vergi hesablanır və bu verginin ödənilməsi tərəflərin mütləq öhdəliyidir.
Mütəxəssis kirayə müqaviləsinin mövcudluğunun gələcəkdə tərəflər arasında potensial hüquqi risklərin qarşısını almağa xidmət etdiyini vurğulayıb:
"Belə müqavilə, həm kirayə verən, həm də kirayəçi üçün hüquqi təminat mexanizmi rolunu oynayaraq qarşılıqlı öhdəliklərin icrasını təmin edir. Nəticə etibarilə, kirayə müqaviləsi tərəfləri qeyri-qanuni davranışlardan qoruyur və mülki hüquqi münasibətlərin sabitliyini möhkəmləndirir".
Xeyrənsə Piriyeva