Vaqif Qarayev: “Valideynlər tibdən uzaq məsləhətlərə inanır, bu, cahillikdir”
Ölkəmizdə uşaq ölümləri uzun illərdir ki, ciddi ictimai narahatlıq doğurur. 2024-cü il üzrə statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir: ölkədə 549 körpə ölü doğulub, 2 519 uşaq isə 1 yaşına çatmadan həyatını itirib. Bu uşaqlardan 1 449-u oğlan, 1 070-i isə qızdır. Qeyd edək ki, 7 günədək ömür sürən körpələrin sayı 770-dir. Eyni zamanda 1 yaşadək ölən uşaqların sayı 1 420 olub ki, bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək uşaq ölümlərinin sayı isə 1 745-dir (981 oğlan, 764 qız).
BMT-nin Qurumlararası Qrupu (UNICEF, ÜST, Dünya Bankı, Əhali Fondu və s.) tərəfindən açıqlanan statistikaya görə, Azərbaycanda 5 yaşadək uşaq ölüm göstəricisi hər 1 000 diri doğulan uşağa 19 təşkil edir. Bu, Azərbaycanı Avropa və qonşu ölkələr arasında ən yüksək göstəriciyə malik ölkə kimi təqdim edir. Müqayisə üçün digər ölkələr: Moldova - 15, Türkiyə - 13, Ermənistan - 10, Gürcüstan - 9, Albaniya - 9, Ukrayna - 8, Rumıniya - 7, Bolqarıstan - 6, Rusiya - 5 və sairə.
Bu göstəricilər Azərbaycanın uşaq sağlığı sahəsində hələ də ciddi problemlərlə üzləşdiyini açıq şəkildə göstərir.
Uşaq ölümləri xüsusilə perinatal dövrdə, yəni doğuşdan əvvəl və doğuşdan sonrakı ilk 7 gün ərzində baş verir. Bu dövr ölkənin səhiyyə sisteminin, sosial rifahının və ictimai sağlamlıq şəraitinin əsas göstəricilərindən biridir.
Yenidoğulmuş dövründə əsas səbəblərdən biri vaxtından əvvəl doğuş (preterm) olur. Bu halda körpənin orqanları tam inkişaf etmədiyi üçün həyati funksiyalar, xüsusilə tənəffüs və sinir sistemi zəif olur.
Doğuş zamanı ağırlaşmalar da əsas səbəblər sırasındadır. Oksigen çatışmazlığı (asfiksiya), çətin və travmatik doğuşlar uşaq ölümlərinə səbəb ola bilər.
Anadangəlmə qüsurlar, o cümlədən ürək, beyin, sinir sistemi və digər orqanlarla bağlı ciddi qüsurlar risk faktorudur.
Ana sağlamlığı ilə bağlı problemlər də o cümlədən, yüksək qan təzyiqi, şəkərli diabet, infeksiyalar (zika, sifilis, QİÇS, COVİD-19 və s.) körpəyə təsir göstərir.
Erkən və riskli hamiləliklər də neonatal ölümlərin riskini artırır. Bundan başqa, hamiləlik dövründə müayinələrin gecikməsi uşaq sağlamlığına mənfi təsir edir.
Referans xəbər verir ki, mövzu ilə bağlı pediatr Vaqif Qarayev “Yeni Müsavat”a danışıb. Pediatr qeyd olunan statistikanın qorxunc olduğunu vurğulayıb: “Dünyada erkən uşaq ölümü, yəni 1 yaşına qədər uşaq ölümü ciddi nəzarət altındadır. Əgər ölüm faizi yüksəkdirsə, bu, həm ölkənin səhiyyə sistemi üçün, həm də sanitar-mədəniyyət səviyyəsi baxımından mənfi göstəricidir. Bu rəqəmlər bütün dünyada izlənilir. Amma sizin təqdim etdiyiniz statistikaya baxanda cavab verməkdə çətinlik çəkirəm: nə baş verib, hansı epidemiya olub ki, bu rəqəm birdən 19-a çatıb? Son illərdə bu rəqəmlər orta statistik dünya göstəricilərinə uyğun idi, amma birdən belə sıçrayışın səbəbini izah etmək çətindir”.
Pediatr qeyd edib ki, südəmər yaşında, yəni 1 yaşa qədər olan uşaqlar xəstəliklərə həddindən artıq meyllidirlər, çünki müqavimət göstərmək imkanları yoxdur: “Orqanizm infeksiyalara qarşı öyrəşməyib. Yoluxsa belə, vəziyyətdən tez çıxmaq çətin olur. Bu səbəbdən 1 yaşa qədər uşaqlar həmişə ciddi nəzarət altında olmalıdır. Sahə həkimi tərəfindən hər ay fiziki və psixoloji inkişaf göstəriciləri yoxlanmalı, qidalanma ilə bağlı tövsiyələr verilməlidir. Bu bütün dünyada belədir.
Nə etmək lazımdır? Səhiyyə xidməti tərəfindən poliklinikada sahə həkimi 1 yaşa qədər uşaqları ciddi nəzarətdə saxlamalıdır, həmçinin sahə tibb bacısı da rol oynayır. Əvvəllər sovet dövründə telefon və digər əlaqə vasitələri olmadığı üçün tibb bacısı mütləq evlərə gedərək uşaqları yoxlayırdı, xoşuna gəlməyən hər hansı vəziyyət olduqda isə mütləq həkimə müraciət edilirdi. İndi mobil telefonlar var, buna görə bir çox tibb bacısı evə getmir, yalnız telefon vasitəsilə əlaqə saxlayır, sahə həkimləri də belə edir. Əlbəttə, bunu bütün tibb bacılarına və sahə həkimlərinə aid etmək olmaz".
Vaqif Qarayev valideynlərə öz tövsiyələrini də qeyd edib: “Bəzən tibbi forumlarda müzakirələri izləyəndə dəhşətə gəlirəm. Məsələn, bir valideyn yazır ki, uşağımda qızdırma və ya digər narahatlıqlar var, nə etməliyəm? Ardınca birdən 50 rəy oxuyursan ki, tibdən uzaq şəxslər müxtəlif məsləhətlər verir. Həkimləri də anlayıram: bəzən abırlarına qısılıb rəy vermirlər, çünki hamı deyir ki, həkimə inanma, dərman boş şeydir. Bu, açıq-aydın cahillikdir. Unutmaq olmaz ki, 5 yaşında uşaq qızdırmaya dözümlü ola bilər, amma 3 aylıq və ya 2 aylıq uşaq üçün 3 gün ard-arda qızdırma ciddi təhlükədir. Vaxtında müdaxilə olunmasa, ağır fəsadlar və hətta ölüm riski var. Ona görə də mütləq şəkildə həkimə müraciət etmək lazımdır”.