İsveçrə hökumətindən Putinlə bağlı təəccüblü bəyanat...
ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenskini və Avropa liderlərini qəbul edib. Görüşdə Sammitdə Ukrayna-Rusiya müharibəsinin dayandırılması müzakirə olunub. Tramp bəyan edib ki, Zelenski və Rusiya prezidenti Putin üçtərəfli sammit üzərində işləyəcəklər.
Ağ Ev sammitindən sonra Tramp Putinlə telefonla danışıb. Putin Trampa Moskvada üçtərəfli sülh sammitinin keçirilməsini, o cümlədən Zelenskinin də iştirakını təklif edib. Lakin Zelenski bu təklifi rədd edib. Ağ Evə yaxın mənbələr bildiriblər ki, Avropa liderləri də Putinin təklifinin uyğun təklif olmadığını Trampa çatdırıblar.
Xatırladaq ki, Fransa prezidenti Makron üçtərəfli sammitin Cenevrədə keçirilməsini təklif edib. Makronun bu təklifindən sonra İsveçrə hökuməti təəccüblü bəyanat verib.
Belə ki, İsveçrə hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) barəsində həbs qərarı çıxardığı Putinin Zelenski ilə sülh danışıqları aparmaq üçün ölkəyə gələcəyi təqdirdə ona toxunulmazlıq verəcəyini açıqlayıb.
Xarici işlər naziri İqnazio Kassis Berndə keçirdiyi mətbuat konfransında beynəlxalq həbs qərarı ilə bir şəxsə toxunulmazlıq verilməsi qaydalarını müəyyən etdiklərini deyib. O, “əgər şəxs şəxsi işi üçün deyil, sülh konfransına gəlirsə, toxunulmazlıq tətbiq olunacaq" deyə bildirib.
TAHİR