Varvick Universitetinin fizika alimləri xərçəng diaqnostikasında mühüm irəliləyişə imza atıblar. Onlar almaz kristallarının unikal kvant xüsusiyyətlərindən istifadə edərək bədənə yeridilmiş maqnit izləyici mayeni yüksək dəqiqliklə aşkar edən yeni nəsil almaz əsaslı maqnit sahəsi sensoru hazırlayıblar.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, bu texnologiya xüsusilə metastazın limfa düyünlərində aşkarlanması üçün nəzərdə tutulub. Metastazın vaxtında və düzgün müəyyənləşdirilməsi xərçəng müalicəsinin gedişatına birbaşa təsir göstərir. Hazırda istifadə edilən ənənəvi üsullar radioaktiv izləyicilər və ya mavi boyalar üzərində qurulub. Lakin radioaktiv materialların istifadəsi əlavə təhlükəsizlik tədbirləri tələb edir, mavi boya isə bəzi hallarda allergik reaksiyalara səbəb ola bilir.
“Physical Review Applied” jurnalında dərc olunan məqalədə qeyd edilir ki, yeni cihaz həm toksik deyil, həm də radioaktiv maddələrdən istifadə etmir. Bundan əlavə, cihazın sensor başlığı cəmi 10 millimetr ölçüsündədir, bu da onu endoskopik əməliyyatlarda istifadəyə yararlı edir. Sensor dəmir oksid nanohissəciklərindən ibarət maqnit izləyici mayeni tipik klinik dozadan yüz dəfə az miqdarda belə aşkar edə bilir.
Layihənin rəhbəri, Varvick Universitetinin professoru Gavin Morley bildirib ki, almazların daxili quruluşunda yerləşən azot boşluq mərkəzləri (NV mərkəzləri) sayəsində onlar ən zəif maqnit sahələrini belə qeyd edə bilir: “Bu fenomen yalnız almazların kvant xüsusiyyətləri ilə izah olunur. Onlar həm tibbi, həm də kosmik tədqiqatlarda yeni imkanlar yarada bilər”.
Tədqiqatın ilk müəllifi, doktorant Aleks Nevman isə cihazın klinik potensialını vurğulayıb: “Xərçəngin aşkarlanması üçün çox yönlü, toksik olmayan alətlərə real tələbat var. Bizim hazırladığımız sensor, limfa düyünlərində metastazın dəqiq lokalizasiyasına imkan verir”.
Varvikşir Universitet Xəstəxanalarının döş xərçəngi üzrə məsləhətçi cərrahı Stuart Robertson texnologiyanın klinik praktikada istifadəsinin böyük üstünlüklər gətirəcəyini deyib və maqnit əsaslı metodların artıq gündəlik praktikada tətbiq olunduğunu vurğulayıb.
Alimlər hesab edirlər ki, bu texnologiyanın tətbiqi təkcə döş xərçəngi ilə məhdudlaşmayacaq. O, ağciyər, qaraciyər, kolorektal və özofagus xərçəngi diaqnostikasında da istifadə edilə bilər. Yeni almaz əsaslı sensor kvant texnologiyasının tibbi diaqnostikaya inteqrasiyası baxımından əhəmiyyətli bir addım kimi dəyərləndirilir və yaxın gələcəkdə xərçəng müalicəsində “oyun dəyişdirici” texnologiya ola bilər.