Azərbaycan Tibb Universitetində tibbi ixtisas üzrə illik təhsil haqqı 4500 manatdan 6500 manata qaldırılıb.
Hazırda universitetin tibb ixtisasında 520 gənc təhsil alır. Hər tələbəyə 2000 manat əlavə ödənişin müəyyən olunması ümumilikdə böyük məbləğdə vəsaitin toplanması deməkdir.
AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib. Qeyd edib ki, bu artım real vəziyyəti əks etdirmir və təhsil haqqının artmasına baxmayaraq, nə universitetin maddi-texniki bazasında, nə də laboratoriyalarında ciddi dəyişiklik müşahidə olunmur. Eyni zamanda kadr potensialının keyfiyyətinin yüksəldilməsi istiqamətində də fərqli addımlar atılmır.
Mütəxəssislərin sözlərinə görə, müasir avadanlıqlarla işləmək, geniş praktiki təcrübə qazanmaq və müxtəlif ölkələrin səhiyyə sistemlərini öyrənmək istəyən tələbələr xarici universitetlərə üz tutur. Xüsusilə magistratura və rezidentura mərhələsində oftalmologiya, ürək-damar və ümumi cərrahiyyə kimi sahələr üzrə gənclər Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan və Çin universitetlərini seçirlər.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən bildirilib ki, təhsil haqqının artırılması Nazirlər Kabinetinin qərarına əsaslanır və ölkədə fəaliyyət göstərən bütün ali məktəblərə şamil edilib. Beləliklə, tibbi ixtisas üçün təhsil haqqı 6500, stomatologiya üzrə 6000, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üzrə isə 5000 manat müəyyən edilib.
Qeyd olunub ki, bu dəyişikliklər təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib və tələbələrin gələcək karyerasına təsiri zamanla özünü göstərəcək.