EN

“Təhsil proqramları əmək bazarına uyğunlaşdırılmalıdır” -

Son illərdə Azərbaycanda ali təhsilin magistratura pilləsinə marağın azalması artıq rəsmi rəqəmlərdə də öz əksini tapır. Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov bildirib ki, 2025-ci il magistraturaya qəbul imtahanlarının nəticələri bu böhranın açıq göstəricisidir. Onun sözlərinə görə, bu il boş qalan 3700 magistratura yerinə, o cümlədən dövlət sifarişi ilə ayrılmış 1200 yerə cəmi 1418 nəfər müraciət edib və nəticədə yalnız 617 nəfər qəbul olunub. Dövlət sifarişi üzrə ayrılmış 1200 yerin isə cəmi 96-sı dolub. Deputat qeyd edib ki, yüzlərlə dövlət sifarişli – yəni tamamilə pulsuz təhsil imkanı – boş qalıb və ümumilikdə 3000-dən çox magistratura yeri istifadəsiz qalıb. Bu fakt təkcə marağın azalmasını yox, həm də təhsil sisteminin cəlbediciliyinə dair ciddi suallar doğurur. Onun sözlərinə görə, gənclərin dövlət sifarişi ilə verilən pulsuz imkandan imtina etməsi artıq magistr diplomunun əmək bazarında əvvəlki illərdəki kimi üstünlük yaratmaması ilə bağlıdır. Bu isə həm təhsildə keyfiyyət məsələlərinə, həm də dövlətin ayırdığı resursların səmərəli istifadəsinə kölgə salır.Ceyhun Məmmədov hesab edir ki, yaranmış vəziyyət təhsil siyasətində strateji boşluğa işarədir. Deputatın fikrincə, magistratura pilləsinin əvvəlki nüfuzunu itirməsinin qarşısını almaq üçün təhsil proqramları əmək bazarının müasir tələblərinə uyğun yenilənməli, magistr təhsili işəgötürənlər üçün real üstünlük yaratmalı, universitetlər isə elmi-tədqiqat imkanlarını gücləndirməlidir.

“Əgər bu tendensiya davam etsə, yaxın illərdə ali təhsil sistemi daha ciddi itkilərlə üzləşəcək. Boş qalan dövlət sifarişli yerlər sadəcə rəqəm deyil, gələcək üçün itirilmiş şanslardır,” – deyə millət vəkili vurğulayıb.

Chosen
45
1
metbuat.az

2Sources