EN

Deputat: “Gənclər dövlət sifarişi ilə verilən imkandan imtina edirlərsə, bu, sisteminin cəlbediciliyi ilə bağlı ciddi suallar doğurur”

“Son illər ölkəmizdə ali təhsilin magistratura pilləsinə marağın ciddi şəkildə zəiflədiyi açıq şəkildə görünür. Təəssüf ki, bu fakt artıq yalnız müşahidə yox, həm də rəsmi rəqəmlərdə özünü göstərir. 2025-ci il magistraturaya qəbul imtahanlarının nəticələri bunun bariz sübutudur. 1200-ü dövlət sifarişli boş qalmış 3700 yerdən cəmi 1418 nəfər seçim edib. Bu şəxslərdən isə sadəcə 617 nəfər qəbul olunub. Dövlət sifarişi üzrə ayrılmış 1200 yerin isə cəmi 96-sı dolub. Bu nə deməkdir? Yüzlərlə dövlət sifarişli yer, yəni tamamilə pulsuz təhsil imkanı boş qalıb! Ümumilikdə isə 3000-dən çox magistratura yeri doldurulmayıb. Bu rəqəmlər bir sıra narahatedici nəticələri ortaya qoyur...”

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

 

 

Deputat bildirib ki, magisratura təhsilinə marağın azalması gənclərimizin artıq əlavə akademik pilləni karyera üçün vacib saymadığını göstərir: “Təhsildə keyfiyyət və etibarlılıq məsələsi də var. Əgər gənclər dövlət sifarişi ilə verilən imkandan imtina edirlərsə, bu, sistemin cəlbediciliyi ilə bağlı ciddi suallar doğurur. Magistr diplomunun əmək bazarında əvvəlki illərdəki kimi üstünlük yaratmaması və işə qəbul prosesində real təsirinin zəifləməsi marağın azalmasının əsas səbəblərindən biridir. Təhsil siyasətində strateji boşluq. Dövlət resurslarının ayrılıb istifadəsiz qalması, həm də ölkənin insan kapitalı potensialının zəifləməsinə gətirib çıxarır. Bu gün biz bir reallıqla üz-üzəyik - ali təhsilin magistratura pilləsi ölkədə əvvəlki nüfuzunu və çəkisini itirməkdədir. Bəs nə etməliyik? Təhsil proqramları müasir əmək bazarının tələblərinə uyğun yenilənməlidir. Magistr təhsili işəgötürənlər üçün real üstünlük yaratmalıdır. Dövlət sifarişi ilə ayrılan yerlərin boş qalmasının qarşısını almaq üçün məcburi deyil, cazibədar sistem qurulmalıdır. Təhsil müəssisələri elmi-tədqiqat imkanlarını gücləndirməli, magistratura təhsili sadəcə formal davam pilləsi yox, praktik və elmi dəyəri olan bir mərhələ kimi formalaşmalıdır. Bu rəqəmlər bizə xəbərdarlıq edir ki, əgər bu tendensiya davam etsə, yaxın illərdə ölkəmizin ali təhsil sistemi daha ciddi itkilərlə üzləşəcək. Təhsil siyasətində çevik və əsaslı islahatlar olmadan bu böhran daha da dərinləşəcək. Azərbaycanın gələcəyi gənclərimizin savadlılığı, hazırlığı və keyfiyyətli təhsilindən keçir. Boş qalan dövlət sifarişli yerlər isə bizim üçün sadəcə rəqəm deyil, gələcək üçün itirilmiş şanslardır”.

 

Aytəkin Qardaşova

Tarix: 20 Avqust 2025, 11:56   
Chosen
68
9
pravda.az

10Sources