Çində 17 yaşlı qız 19 yaşlı sevgilisini köləliyə satıb və tətilə gedib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Thaiger.com" nəşri yazıb.
Məlumata görə, Çin sakini olan 17 yaşlı qız 19 yaşlı sevgilisini Myanmada fırıldaqçılar dəstəsinə 100 000 yuana satıb ki, bu da təxminən 14 000 dollar təşkil edir.
Quandun əyalətinin Çjantszyan şəhərindən olan gənc əsirlikdə əzab içində dörd ay keçirib, işgəncələrə, aclığa və ağır işlərə məruz qalıb, daha sonra ailəsi 350 000 yuan toplayaraq onu satın alıb və azad etməyə müvəffəq olub.
Qızla oğlan bilyard zalında tanış olublar. Qız valideynlərinin investisiyalar idarə etdiyini deyib və Myanmada ailə bizneslərinin olduğunu iddia edib.
"O, həmişə qardaşımı Myanmaya cəlb etməyə çalışırdı, ona orada iş tapacağını vəd edirdi. Hissləri qardaşımın gözünü kor etmişdi", - deyə oğlanın bacısı müsahibəsində bildirib.
Bu ilin fevral ayında oğlan gizli şəkildə qızla Banqkoka gedib. Lakin tezliklə dostlarının paylaşımları sayəsində yaxınları onun Tailand-Myanma sərhədi yaxınlığında olduğunu öyrəniblər.
"Onun harada olduğunu biləndə işlərin yolunda getmədiyini anladıq", - deyə bacısı qeyd edib. Məhz orada qız kimisə qarşılayacağını bəhanə gətirərək oğlanı tək qoyub gedib. Bir neçə dəqiqə sonra isə silahlı şəxslər oğlanın telefonunu və pasportunu əlindən alıblar.
Sonrakı dörd ay ərzində gənc qapalı düşərgədə saxlanılıb. Onu başını keçəl qırxıblar, vəhşicəsinə döyüblər, belinə metal çubuqlarla vurublar və qulaqlarını büküblər. Hər gün ondan onlayn fırıldaqçılıq üzrə "norma"nı yerinə yetirməsini tələb ediblər, ən kiçik uğursuzluğa görə isə daha çox işgəncə ilə cəzalandırıblar.
Məlumata görə, oğlan əsirlikdə gündə 16-20 saat işləməyə məcbur olub, ac qalıb və buna görə də 10 kiloqramdan çox arıqlayıb. Başına vurulan çoxsaylı zərbələr eşitmə qabiliyyətini itirməsinə səbəb olub.
Onu xilas etmək üçün uğursuz cəhdlərdən sonra ailəsi nəhayət ki, lazımi məbləği toplaya bilib və iyun ayında gənc sərbəst buraxılıb. O, bitkin halda evinə qayıdıb və yenidən qaçırılmaq qorxusundan əziyyət çəkməyə başlayıb.
Bu arada qız Tailandda rahat şəkildə istirahət edib, lakin Çinə qayıtdığı zaman həbs olunub. Ona qarşı dələduzluq və insan alveri üzrə ittiham irəli sürülüb. Məhkəmə işi təxirə salınsa da, yenidən başlanacağı gözlənilir.
"Onun cəmi 17 yaşı var. Kimin ağlına gələrdi ki, o, belə bir pislik etməyə qadirdir? İnanmaq olmur ki, insan bu yaşda belə çirkin əməllər törədə bilər", - deyə oğlanın bacısı bildirib.