EN

Azərbaycanla münasibətlərin korlanmasının günahkarı Rusiyadır – ŞƏRH

“Azərbaycan və Rusiya arasındakı münasibətlərin pozulmasının yeganə günahkarı məhz Rusiyanın özüdür. Çünki Azərbaycan həmişə qonşularına və tərəfdaşlarına qarşı qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlər prinsipi ilə yanaşıb. Bakı üçün əsas qayda odur ki, münasibətlər hər iki tərəfin maraqlarını təmin etsin”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Onun sözlərinə görə, Rusiya hələ də imperiya düşüncəsindən əl çəkməyib və tərəfdaş ölkələrə bərabərhüquqlu münasibət göstərmək istəmir:

“Rusiya SSRİ dağıldıqdan sonra imperiya statusunu sürətlə itirib, amma Kremlin rəhbərliyi hələ də I Pyotrun düşüncə tərzi ilə hərəkət edir. Buna görə də digər dövlətləri özündən asılı görməyə çalışır. Halbuki Azərbaycan çoxdan müstəqil xarici siyasət kursunu seçib və heç bir dövlətin təsir dairəsinə girməyi planlaşdırmır. Kreml isə əməkdaşlıq etmək əvəzinə ‘təzyiq’ siyasəti yürütməyə çalışır. Amma bu siyasət iflasa məhkumdur”.

Politoloq əlavə edib ki, Azərbaycan güclü beynəlxalq tərəfdaşlara malikdir və Moskvanın radikal addımlar atması real deyil:

“Azərbaycanın NATO üzvü olan Türkiyə, nüvə dövləti Pakistan, Çin, ABŞ və Avropa İttifaqı ilə strateji müttəfiqlik münasibətləri var. Hətta ABŞ-la strateji tərəfdaşlıq sazişi üçün işçi qrup yaradılıb. Belə bir şəraitdə Rusiyanın Azərbaycana qarşı aqressiv addımlar atması mümkünsüzdür”.

E.Xalidbəyli xatırladıb ki, münasibətlərin gərginləşməsinə səbəb Rusiyanın atdığı addımlar olub:

“Sərnişin təyyarəsinin vurulmasından sonra üzr istəmək əvəzinə Azərbaycana təzyiq göstərildi. Ardınca Rusiyada azərbaycanlılara qarşı zorakılıqlar, Ukraynada azərbaycanlılara məxsus enerji obyektlərinə raket zərbələri baş verdi. Bu cür davranışlardan sonra Rusiyanın Bakıyla pozitiv münasibətlər gözləməsi mümkün deyil. Əgər Kreml əlaqələri bərpa etmək istəyirsə, ilk növbədə yol verdiyi aqressiv addımlara görə üzr istəməli, Putin dövründəki müsbət münasibətlərin bərpasına uyğun addımlar atmalıdır. Əks halda iki ölkə arasındakı münasibətlər daha da soyuyacaq və Azərbaycan Rusiyadan uzaqlaşacaq”.

//Gülnarə Abasova, Editor.az

Chosen
34
editor.az

1Sources