Son günlər Elm və Təhsil Nazirliyi, xüsusilə də nazir Emin Əmirullayev cəmiyyətin ən çox müzakirə olunan fiqurlarından biridir. Haqlı və ya haqsız ard-arda gələn tənqidlər artıq gündəlik xəbərlərin bir parçasına çevrilib. Əslində, tənqid yaxşı anlayışdır, çünki ictimai nəzarətin mühüm vasitəsidir. Amma çox vaxt bu tənqidlər sağlam mübahisədən çıxıb emosional hücum və qaraguruh səviyyəsinə enir. Bunu görəndə qeyri-ixtiyari adamın içində münasibət bildirmək hissi də doğur. Bir dəfə yazılarımdan birinə Emin müəllim münasibət bildirərkən, “Müəllim, təhsilimizə sistemsiz deməyək, bəlkə, sistemin problemləri var, deyək” – demişdi. Göründüyü kimi, bugünkü mənzərə sadəcə kampaniya xarakterlidir, bu kampaniyaya qoşulmaq daha asandır, nəinki əksini etmək. Bu dəfə də mən əksini deməyi seçdim, amma bir az fərqli...
Yadınızdadırsa, əvvəllər təhsil sistemini daha çox valideynlər tənqid edirdi, indi isə meydanı əsasən müəllim və ya eks-müəllimlər tutub. Bu, bir tərəfdən təbiidir: təhsili ən yaxşı bilən elə onun içində olanlardır. Tənqidi də elə mütəxəssislər etməlidir. Digər tərəfdən isə aydın görünür ki, bəzən bu tənqidlər şəxsi maraqlardan qaynaqlanır (məsələn, sertifikasiyadan kəsilənlər, MİQ imtahanında uğursuz olanlar və ya sistemdən kənarda qalan keçmiş kadrlar tərəfindən). Amma burada ümumiləşdirmək də düzgün olmaz: çoxlu peşəkar təhsil işçisi var ki, şəxsi maraqdan deyil, sistemin həqiqi problemlərinə görə səsini qaldırır. Lakin bunların heç bir professional şəkildə, statistik, analiz xarakterli yazılar deyil, sadəcə populist çıxışlar səviyyəsindədir.
Elm və Təhsil Naziri Emin Əmirullayev bu vəzifəyə təyin ediləndən sonra ilk mübarizəsini elə təhsil işçilərinin özləri ilə aparmağa başladı. Mənə görə, bu, cəsarətli addım idi, çünki təhsil sırf insan faktoru ilə bağlıdır. İnsan yeniliklə ayaqlaşmırsa, ya dəyişməli, ya da dəyişdirilməlidir. Nazir dəfələrlə jurnalistlərin qarşısında açıq şəkildə sistemi tənqid edib, problemləri qabardıb. Bu haqlı səmimiyyət isə, əlbətə, müəllim ordusunun bir qismini qıcıqlandırdı. Məncə, bunun səbəbi təkcə nazir deyil, çünki bu gün müəllimlər hər kəs tərəfindən ən çox qınaq obyektinə tuş gələn peşə sahibləridir. Təhsilimizin yığışıb qalan problemlərindən əziyyət çəkən müəllimlər hardansa onları müdafiə edəcək dəstək gözlədiyi təqdirdə bir də öz nazirin səni tənqid edirsə, o zaman elə sənin də birnci küsüb inciyəcəyin adam da odur. Amma nazir bu tənqidlərində haqlıdır, çünki o da cəmiyyətin bir fərdi kimi bəzi müəllimlərin bu sistemə kömək etmədiyini görür, onlara görə də yaşın qurunun oduna yandığının daha yaxşı fərqindədir.
Digər tərəfdən bu, əslində, köhnələrlə yenilərin savaşıdır. Çünki 30 ilin yığılıb-qalan problemlərini dilə gətirmək, əlbəttə ki, əvvəlkilərin xoşuna gəlməyəcəkdi. Tənqidə oxşar bütün söz-söhbətlərin mərkəzində isə sertifikasiya, MİQ imtahanları durur. Digər xırda məsələlər bu mövzuları gücləndirmək üçün istifadə edilir. Düşünün ki, serifikasiya edilib. Müəllimlərin kütləvi şəkildə işdən çıxarılması olmasa idi, bu cür mənzərə olardımı? Əlbətə, yox.
Gəlin son zamanlar təhsil sitemimizdə hansı islahatlar, yeni layihələrin həyata keçirildiyinə, hansı problemlərin olduğuna diqqət edək:
1. Müəllimlərin sertifikatlaşdırılması imtahanları.
Sertifikasiya imtahanları, demək olar ki, bütün dünya ölkələrində təhsilin keyfiyyətini artırmaq məqsədi ilə keçirilir. Bu, həm də ona xidmət edir ki, müəllimlər daima öz üzərlərində işləsin, yeniliklərə açıq olsun. Sertifikatlaşdırma Azərbaycandailk dəfə 2022ci ildən başlayıb. Axırıncı dəfə buna bənzər attestasiya başqa formatda ölkəmizdə 1994-cü ildə keçirilmişdi. Bu isə özlüyündə 20 ildən çox yığılıb-qalan problemin həlli və aşkar edilməsi idi. Sertifikasiya imtahanı nəticəsində müəllimlərin maaşı artır, onların direktordan asılılığını aradan qaldırır, müəllimin öz ixtisasını yenidən gözdən keçirməsinə, formada olmasına şərait yaradır. O zaman biz niyə bundan qorxuruq, niyə bunu bu qədər problemə çeviririk? Məgər yaxşı nəticə toplayanlar şikayətçi olarmı? Əlbətə, yox. Deməli, problemin hardan qaynaqlandığının fərqinə varırıq. Məncə,zaman-zaman bu formatın təkmilləşməsinə də ciddi ehtiyac var. Düşünürəm ki, bu imtahan sadəcə biliyin ölçülməsi ilə kifayətlənməli deyil, daha genişmiqyaslı olmalıdır. Çünki bu günün müəllimi sadəcə biliklə sinifdə lider ola bilməz. Digər tərəfdən müəllimlik üçün bilikdən daha vacib dəyərlər var: nitq, ünsiyyət bacarığı, davranış, psixoloji durum, emosional zəka və s.
Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin qismən tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu, bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli, eyni zamanda vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir.
Müəllimin illik performansını qiymətləndirib nəticələri toplamaq daha obyektiv prosesdir.
Belə olduqda sadəcə repetitorluqla məşğul olan müəllimlər yaxşı nəticə əldə edir ki, bu da bugünkü kurikulumun fəlsəfəsinə ziddir. Çünki bizi yenidən və sürətlə yaddaş məktəbinə qaytarır.
2. Müəllim və direktorlarınişə qəbulu.
Son zamanlar Elm və Təhsil Nazirliyi müəllim və direktorların işə qəbul prosesini mərkzələşdirilmiş qaydada aparır. Düzdür, bu proses 2009-cu ildən başlamışdı, amma 2014-cü ildə Mikayıl Cabbarov təhsil naziri olandan sonra elektron formada keçirilməyə başlanıldı. Orta yaşlı nəsil yaxşı xatırlayar ki, bu prosesisin işə düşməməsindən əvvəl məktəblər işə qəbul harda, necə gəldi aparırdı. Ya adamın olmalı idi, ya pulun, ya da bəxtin. Standart bir qaydanın olmaması isə minlərlə savadsız insanın müəllim kimi işə başlamasını, məktəbi baş qatmaq üçün seçilən bir yer etmişdi. İndi isə üzərində işləyən, potensialı olan hər kəs burda uğur qazana, alnı açıq, üzü ağ şəkildə işə düzələ bilir. Buna görə, bu işi görənlərə səmimi qəlbdən təşəkkür etməli, gələcəyin daha daha yaxşı olacağına ümidli olmalıyıq.
Bu prosesdə qüsur varmı? Əlbəttə, var. Məncə, ilk növbədə vakant yerlər ən azı imtahandan 6 ay qabaq açıqlanmalıdır. Suallar imtahandan sonra cəmiyyətə açıqlanmalı, bu, həm də sertifikasiya imtahanları üçün keçərli olmalıdır. Sual hazırlayan qurum DİM formatını yox, pedaqoji bacarıqların yoxlanmasını əsas götürməlidir, universitetlərin tədris proqramına söykənməli, konkret ali məktəb vəsaitləri olmalıdır, sadəcə məktəb dərslikləri yox. Bunun üçün də vahid ədəbiyyat siyahısı açıqlanmalı və ona əməl edilməlidir. Elə bir sistem qurulmalıdır ki, artıq universitetin diplom və ya dövlət imtahanı məktəbə qəbul prosesi üçün keçərli olsun.Bu da, sözsüz ki, universitetlərimizin inkişafından asılıdır.
3. Təmayüllü liseylərin açılması.
Bu addım Elm və Təhsil Nazirliyinin son zamanlar atdığı çox böyük və uğurlu addımdır. Bilməyənlər üçün deyim ki, bu cür xüsusi liseylərin funksiyası xüsusi istedadlı uşaqların üzə çıxarılması vənəzarətə götürüb inkişaf etdirilməsi funksiyasını daşıyır. Sovet dövründə bu cür məktəblərimiz vardı, amma rejim dağılandan sonra bu məktəblər sıradan çıxmış və ya funksiyasını itirmişdi. 2015-16-cı tədris ilində təhsil nazirliyinin pilot layihəsi əsasında müxtəlif təmayüllü məktəblərin açılmasına start verilmişdi. Son illərdə isə bu proses bir az da genişləndirilərək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Şəki, Quba kimi şəhərlərimizi də əhatə etdi. Bu kimi digər liseylərimizə qəbul üçün vahid imtahan təşkil olunur, mərkəzləşdirilmiş şəkildə qəbul aparılır. Bu məkəblərin varlığı son illər olimpiadalardakı uğuru şərtləndirir və nəticəsini görməkdəyik. Belə ki, bir zamanlar bu işi özəl liseylər görürdü, indi bu cür dövlət məktəbləri özəl liseylərə rəqib olub, tam ödənişsiz formada yüksək təhsil verir. Həmçinin bu məktəblərə ölkəmizin ən yaxşı müəllimləri toplanır. Əlbəttə ki, bu layihə özlüyündə böyük addımdır. Çoxdan edilməli və bu gün barını dərməli idik, amma elə deyil, təəssüf ki. Qazaxıstandan bu cür məktəblər ən az 20 ildir ki, var. Deyilənə görə, Nazarbayev soruşur ki, niyə həmişə uğurlu nəticəsi olan uşaqlar Türk liseylərindən (O zaman Fətullah Gülən məktəbləri idi) çıxır, deyirlər, onlar uşaqları imtahanla seçir, seçilmişlərə ödənişsiz təhsil verir, ona görə də dövlət məktəbindəki istedadlı şagirdlərimiz ora gedir. O da deyir ki, biz onlardan zəifik bəyəm, gedin, nə qədər maliyyə lazımdırsa, ayırın, dövlət də belə məktəbləri açsın. Bu gün Beynəlxalq Nazarbayev məktəbləri bu işi uğurla həyata keçirir. Artıq bizim də təhsilimizdə belə xüsusi liseylər var və dövlət bunlara lazım olan bütün şəraiti yaradır. Həmin məktəblərin nəzdində olimpiada mərkəzlərinin qurulması da sevindirici haldır.
4. Akreditasiya.
Bir neçə ildir ki, universitetlərimizin akreditasiyası başlanılıb. Hətta bəzi universitetlərimiz bu akreditasiyalardan keçə bilməyib, buna görə də müəyyən vaxt verilib. TKTA-nın bu layihəni uğurla və obyektiv şəkildə həyata keçirdiyinin şahidi olan insan kimi deyə bilərəm ki, universitetlərimizdə təhsilin ciddi şəkildə axsadığının qarşısını almaq və ya inkişaf etdirmək üçün alqışlanılası addımdır. Həmçinin 20 ildən çoxdur ki, sistemsiz şəkildə həyata keçirilən ixtisas proqramlarının hazırlanması üçün nazir səviyyəsində komissiyanın yaradılması, hər komissiyaya özəl sektordan, əmək bazarından rektorlarla bərabər həm sədr təyin edilib, səlahiyyət verilməsi özlüyündə təhsilimizin inkişafına xidmət edir. Bunları cəmiyyət yaxından görə bilmir, amma işin içində və mütəxəssisi olanda ciddi işlərin görüldüyünün şahidi olursan.
5. Tələbələrin universitet, ixtisas yerdəyişməsi, köçürülməsi, diplomların tanınması şəffaf və sistemli şəkildə aparılır. Daha bunun üçün kimlərəsə xahiş etməyə, tapşırmağa, qeyri-qanuni yollara əla atmasına ehtiyac yoxdur. Sənədlər qaydasındadırsa, meyarlara cavab veririsə, kreditlər yerindədirsə, kimlərinsə qapısını yağır etmədən onlayn sistem üzərindən bunu çox sadə yolla həyata keçirmək olur. Amma sən xaricdə təhsil alırsan, amma bir dəfə də olsun, əyani oxuduğun universitetə getməmisənsə, xaricdə təhsil aldığın dili bilmirsənsə, sənə “yox” deyilirsə, burda nazirliyi günahlandırmaq, ən azından cahillikdir. Rusiyanın universitetlərinə rüşvətlə qəbul olub rüşvətlə oxuyursansa, dövlət də bunun qarşısını alırsa, deməli, dövlətə alqış və təşəkkür düşür!
6. Dövlət-özəl əməkdaşlığı.
Son illər özəl bağçalarda təhsil almaq istəyən uşaqlara dövlət 250 manata qədər dəstək verir. “Əgər dövlət bağçasını bəyənmirsənsə, get, özəldə təhsil al, onun müəyyən məbləğini mən qarşılayıram” – deyir. Məlumat üçün deyim ki, dövlət bağçalarında bir uşaq üçün dövlət təqribən hər aya 300-500 manat büdcə ayırır. Bu addım həm dövlət büdcəsinə dəstəkdir, həm də bağçaların rəqabət əsaslı inkişafına şərait yaradır. Bunun başqa formatı özəl universitetlərimizdə dövlət sifarişli yerlərdir. Ümid edirəm, bir gün bu proses orta məktəblərə də şamil edilər, fədi maliyyələşmə sistemi tam formalaşar.
7. 5-6 ildir ki, müəllimlərə təhsilə dəstək layihələr üçün qrant ayırılır. Hər il elan edilən bu layihədə mindən çox müəllim qrant alaraq müəyyən layihəni həyata keçirə bilir. Bu müasir standartlara cavab verən gərəkli bir addımdır. Bir neçə dəfə bu qrant layihələrinin münsiflər heyətində olmuşam. İlk dəfə dəvət ediləndə “yox” dedim, “yox”un izahını da verdim ki, mən qeyri-qanuni pul yeyintisinə qol çəkə bilmərəm. İnandırıldı ki, tam müstəqil və şəffaf şəkildə hərəkət edəcəksiniz. 3 il ard-arda işin içində oldum və obyektivliyi gördüm, sevindim, qürurlandım. Amma müəllimlərimizin də bəzilərinin normal cümlə qura bilməməsinin şahidi oldum: həmin müəllimlərin ki, sonradan sosialda haqsızlıqdan şikayətlənirdilər. Bu qrant layihəsi həm müəllimləri yaradıcılığıa sövq edir, həm də məktəb büdcəsindən əldə edə bilmədikləri maliyyəni alıb təhsilimizə xidmət edirlər.
Bu və bu kimi uğurlu layihələrin siyahısını çoxlatmaq olar. Lakin məqsədim təhsil sistemimizin, bu işlə məşğul olan məmurların hər şeyi ideal etdiklərini bağırmaq deyil. Sadəcə köhnə ilə təzəni müqayisə edib bir az optimist olduğumu demək istəyirəm. Dediklərimin hər birində problem var: təkmilləşməlidir, xətalar olur, olacaq da. Amma istənilən layihə və islahatla bağlı analitik təhlil edib təkliflər verilməli, obyektiv şəkildə tənqid edilməldir. Tənqidi eşidənlər də məsələni şəxsiləşdirməməli, düzgün qiymətləndirməldir. Emin Əmurullayev yeni nazir təyin ediləndə ona 10 bəndlik təkliflər yazmış və görüş istəmişdim. Düz iki saat müzakirə etdik, razı olduğu da, olmadığı da oldu. Bəzilərinin sonradan bu və ya digər mənada həyata keçirildiyini də gördüm.
Beləliklə, Təhsil Nazirliyinə qarşı tənqidlərin bir qismi emosional və şəxsi maraqlardan qaynaqlansa da, sistemdə real problemlərin mövcudluğu da faktdır.
Əgər məqsədimiz, həqiqətən, təhsilin yaxşılaşmasıdırsa, nə qərəzli hücum, nə də kor-koranə müdafiə çıxış yolu deyil. Gərək uğurları da görək, problemləri də açıq deməkdən çəkinməyək. Ancaq bu halda tənqid həm faydalı olar, həm də hədəfə dəyər.
Şəmil Sadiq