Qazaxıstanın Abay vilayətinin Urcar rayonunda avtomobil bir dəstə uşağa çırpılıb.
Avtosfer.az "Kazinform"a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 uşaq ölüb, daha 3 nəfər yaralanıb.
Məlumata əsasən, Besterek kəndində 55 yaşlı "Toyota" sürücüsü idarəetməni itirərək, yolun 10 metrliyindəki evin darvazasında toplaşan bir qrup uşağı vurub.
"Hadisə nəticəsində iki uşaq yerindəcə, biri tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib. Daha üç azyaşlı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib", - Urcar rayon polis şöbəsindən bildirilib.
Sürücünün saxlanıldığı qeyd edilir. Ekspertiza onun qəza zamanı ayıq olduğunu göstərib.
Qazaxıstan prezidentinin tapşırığına əsasən, Müdafiə Nazirliyinin C-295 hərbi-nəqliyyat təyyarəsi qəza zamanı xəsarət alan uşaqlara tibbi yardım göstərmək üçün göyərtəsində reanimatoloq, neyrocərrah və travmatoloqdan ibarət həkim briqadası ilə hadisə yerinə gedib.