“Texnologiya sahəsində olan ixtisasların azalması, perspektivdən düşməsi və gələcəkdə bu ixtisaslara meyilliliyin azalması indiki mənzərədə görülən deyil”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Murad söyləyib.
Ekspert qeyd edib ki, əksinə, bu sahələrin daha da genişlənmə ehtimalı böyükdür: “Çünki biz dünya inkişafından xeyli geridəyik. Kompüter mühəndisliyi, informasiya texnologiyaları və təhlükəsizliyi ixtisaslarına meyillilik gələcəkdə daha da artacaq.
Hazırda bu sahələrə valideynlərin və abituriyentlərin bəzilərinin ciddi yanaşmaması müşahidə olunur. Bunun əsas səbəbi Azərbaycanda hələ robotlaşma və texnologiya sahəsində ciddi irəliləyişlərin tam görünməməsidir. Lakin bu müvəqqəti bir vəziyyətdir. Ölkə gündən-günə texnika və texnologiya sahəsində inkişaf edir. Bu inkişafla paralel olaraq həmin sahələr üzrə keyfiyyətli kadrların hazırlanmasına da ehtiyac artacaq.
Bu ixtisasların heç vaxt aktuallığını itirməyəcəyi və əksinə, daha da genişlənəcəyi gözlənilir. Bu sahələrdə təhsil alan gənclər sadəcə mövcud biliklərlə kifayətlənməyəcək, yeni ideyalar və yeni texnologiyalar yaratmaq istiqamətində də fəaliyyət göstərəcəklər.
Təəssüf ki, bu sahələr üzrə potensialı olan bir çox gənc təhsil almağa imkanı olmadığı üçün cəmiyyətə qazandırıla bilmir. Buna görə də həmin sahələrə dair maarifləndirici tədbirlər görülməli, valideynlər və abituriyentlər bu sahələrin əhəmiyyəti barədə məlumatlandırılmalıdır. Ən önəmlisi isə, xaricə beyin axınının qarşısını almaq üçün ölkə daxilində bu sahələr üzrə çalışanlara Avropa səviyyəsində şərait yaradılmalıdır. Yalnız bu halda ölkə daxilində inkişafı təmin etmək mümkündür".